"Səbail"in qış fasiləsində keçirəcəyi yeganə yoxlama matçının vaxtı və məkanı açıqlanıb.
Bayıl təmsilçisi "Araz Naxçıvan"la üz-üzə gələcəyi qarşılaşma Yanvarın 11-də “Azersun Arena”da keçiriləcək
15:00-da başlayacaq oyun azarkeşlər və jurnalistlər üçün qapalı olacaq.
Maraqlıdır, daha öncəki sınaq matçlarının hamısına media üçün giriş sərbəst olmuşdu.
Mətbuat nümayəndələrin girişi üçün sərbəst olan oyunlar arasında "Araz Naxçıvan"ın "Sumqayıt"la görüşü də var.
Görəsən, bu dəfə fərqli qərar verilməsi nə ilə bağlıdır?
"Səbail" tərəfindən əldə etdiyimiz məlumata görə, qadağanı baş məşqçi Cavid Hüseynov şəxsən istəyib.
O, mövsümün ikinci yarısından öncəki son yoxlama matçında sınaqdan keçirəcəyi taktiki gedişlərin gizli qalmasını məqsədəuyğun hesab edib.
Olsun, bu da onun seçimidir. Bir az da səbr edib, maraqlı taktiki gedişlərinə rəsmi matçlarda yaxından tamaşa edərik.
Amma bir şeyi xatırlatmasam olmaz.
Ağır iş rejiminə rəğmən hətta "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da "Kəpəz"lə yoxlama görüşündən sonra mətbuata geniş müsahibə vermək üçün zaman ayırmışdı. Medianı unutmamış, onları maraqlandıran suallara ətraflı cavab vermiş, fasilə dönəmini dəyərləndirmişdi.
Görünür, gənc məşqçimiz Qurban yox, Kurban nümunəsini daha çox bəyənib və ona təqlid etmək yolunu seçib.
Axı Hüseynov mövsümün əvvəli "Turan Tovuz"da Kurban Berdiyevin köməkçisi kimi çalışırdı.
Bilirik ki, türkmənistanlı mütəxəssis də tez-tez belə qadağalara əl atması ilə yadda qalır.
Yəqin ki, Hüseynov da bu xüsusiyyəti əcnəbi mütəxəssisdən mənimsəyib.
Yol eyni yoldur. Görək nəticə necə olacaq.
XANOĞLAN/ SPORTİNFO.AZ