Şahin Diniyevin gedişindən sonra «Səbail»də sular durulmayıb.
Son ikiayda burada vəziyyət daha da qəlizləşib
Cavid Hüseynovun təyinatından yalnız komanda ziyan görməyib. Premyer Liqanın son turunda 4 məğlubiyyətlə üzləşən və yalnız 1 xal əldə edən «dənizçilər» indi rəhbərliklə baş məşqçi arasında münasibətlərin gərginləşməsinin şahididir.
Gənc çalışdırıcı idman direkioru Zamiq Hüseynovu hədəf seçib. Onun adamlarını kollektivdən uzaqlaşdırmağa başlayıb.
Vüqar Bəybalayev bu «soyuq müharibə»nin ilk «qurbanıdır». Baş menecer məhz idman direktoruna yaxın şəxs olduğu üçün komandadan kənarlaşdırılıb.
Cavid Hüseynov onun futbolçu seçimlərinə davamlı qarışmasını əsas götürərək, belə bir addım atıb.
Demə, Bəybalayev məhz özünün bəyəndiyi legionerləri bura gətirmək üçün «dəridən-qabıqdan» çıxır, hətta bəzi hallarda baş məşqçiyə təzyiq göstərmək üçün müxtəlif manevrlərə əl atırdı.
Ümumiyyətlə, «Səbail» ağır dönəmdən keçir. Cavid Hüseynov, deyəsən, hələ çox əziyyət çəkməli olacaq.
Yeni baş məşqçi bir tərəfdən komandanı, o yandan da öz çevrəsini «təmizləməli»dir.
Ötən ilin noyabrında «Turan Tovuz»dan bura gələn gənc mütəxəssis indi özünün seçdiyi köməkçilərlə lə yola getmir.
Kurban Berdiyevin sabiq yardımçısı Elvin Məmmədov başda olmaqla, korpusunda yer alan bütün məşqçilərə barmaq silkələyib.
Hüseynov anidən belə etməyib. Qulağına çatıb ki, əhatəsindəki şəxslər ondan rəhbərliyə şikayət edib.
Şikayətin motivi?
Funksionerlə görüşdə baş məşqçinin oynatdığı futboldan narazılıq ifadə olunub. Çalışdırıcı bu söhbəti eşidər-eşitməz təcili iclas keçirib və «kim mənimlə işləmək istəmirsə, elə indi çıxıb gedə bilər, qapı açıqdır» söyləyib.
Çox maraqlıdır ki, Cavid Hüseynovun bu sözü kimisə yerindən tərpətməyib. Bir nəfər də ayağa qalxaraq, otağı tərk etməyib. Hamı dinməzcə yerində dayanıb.
Belə deyə bilərik ki, çalışdırıcı artıq Zamiq Hüseynovla kəllə-kəlləyə gəlir. Baş məşqçinin məhz idman direktorunu hədəf seçməsi təsadüf deyil.
Ona bəllidir ki, Şahin Diniyevin istefaya getməsində Z.Hüseynovun «pay»ı az deyil. «Dənizçilər»in sabiq sükançısı idman direktoru ilə transfer məsələrində düz gəlmədiyi üçün sonda Bayılı tərk etməli oldu.
Tərəflərin ilyarımdan artıq davam edən «soyuq müharibə»sinə zaman-zaman futbolçular da qarışdı. Hüseynovun vasitəsilə bura gəlmiş legionerlər sabit təsir bağışlamadı, yekunda komanda turnir cədvəlinin «dib»inə yuvarlandı.
Diniyev heç vaxt ad çəkməsə də, yaxşı yadımızdadır ki, o, mətbuat konfranslarında tez-tez buna işarə vurur, bir neçə futbolçunun davamlı olaraq uşaq səhvlərinə yol verdiyini deyirdi. Əslində burada ismarıc idman direktoruna idi.
Cavid Hüseynov indi həmin fiqurantla üz-üzədir. Şahin Diniyevin bacarmadığını, görəsən, o, bacaracaqmı?
Hər halda çox çətin kimi görünür. Adını çəkdiyimiz funksionerin dayaqları güclüdür.
Vaxtilə Peşəkar Fubol Liqası və «Sumqayıt»da önəmli vəzifələr tutmuş idarəçin «Səbail»də özünü suda balıq kimi hiss edir.
Hər cür dəstək aldığı üçün rahat və sərbəstdir. Cavid Hüseynovun isə belə bir lyuksu yoxdur.
«Dənizçilər» I Liqaya yuvarlansa, o, iki klubu Premyer Liqadan aşağı salmış baş məşqçi kimi yaddaşlarda qara iz buraxacaq.
«Şamaxı»nın aşağı dəstədə yaşadığı 1 illik «sürgün həyatı» hələ hafizələrdən silinməmiş…
SPORTİNFO.AZ