“Neftçi”dəki çıxışları ilə tanınan Mirabdulla Abbasov peşəkar futbola qayıtmağa qərar verib.
2018-ci ilin ən yaxşı futbolçusu qarşıdakı 5 ayda “Səbail”in uğurları üçün tər tökəcək.
Lakin bu, ona heç də asan başa gəlməyib.
Baş məşqçi Cavid Hüseynovla Mirabdulla arasında ilk görüş dekabr ayının ilk günlərində baş tutub.
Abbasov futbol oynamaqda həvəsli olduğunu bildirib, Hüseynov isə arzusunun fiziki formasını qaydasına salmasından sonra həyata keçəcəyini deyib. Futbolçu ən qısa zamanda tapşırığı yerinə yetirəcəyini söyləyib.
Beləliklə, geridə qalan təxminən bir ay müddətində gecəsini gündüzünə qatan Abbasov artıq çəkidən qurtulmağa çalışıb. Yekunda istəyinə çatıb.
29 yaşlı hücumçu nə az, nə çox, düz 9 kiloqramdan qurtulub. Bununla da qış təlim-məşq toplanışına qədər fiziki vəziyyətini səhmana salıb.
Qarşıdakı iki həftədə 2-3 kilo da azaltsa, baş məşqçinin tələbini tam yerinə yetirmiş olacaq.
Mirabdulla Abbasov daha öncə - 2019/20 və 2022/23 mövsümlərində “dənizçilər”in formasını geyinib.
HƏBİB / SPORTİNFO.AZ