Deyəsən, "Səbail" yağışdan çıxıb, yağmura düşdü.
Şahin Diniyevin gedişini toy bayram edənlər, Cavid Hüseynovla ağ günə çıxacağını zənn edirdi.
Amma arxada qalan bir ayda bunun əlamətini görmürük.
Gənc mütəxəssisin rəhbərliyi altında Bayıl təmsilçisi Premyer Liqada keçirdiyi 3 matçda da məğlub olub.
Hə, kimsə rəqiblərin adını müzakirə edə bilər. Biri lider "Araz Naxçıvan", digəri şərhə ehtiyacı olmayan "Qarabağ"dısa, bir başqası da iddialı "Sabah"dı.
Razıyam, hər üç rəqibin də "Səbail"i udmağı normaldı.
Ona görə də sıralanan məğlubiyyətləri qorxulu hesab etməmək olar.
Lakin məğlubiyyətdən də təhlükəli olanı paytaxt klubunun meydanda varlığı ilə yoxluğunun bilinməməsidir.
Əbəs deyil ki, həmin 3 matçda qapısından 6 qol buraxan kollektiv rəqib qapılarından 1 top belə keçirə bilməyib.
Bəli, Diniyevin dönəmində "Səbail"in nəticələri uğurlu deyildi. Məğlubiyyətlər vardı.
Amma komanda ən azı rəqiblərinə problem yarada bilirdi. Matçlar daha dramatik alınırdı.
Məsələn, Diniyevin dönəmində "Səbail" həmin "Qarabağ"a 1:2, "Sabah"a 2:4, "Araz-Naxçıvan"a isə 2:3 hesablarla məğlub olmuşdu. Hücumun problemi yox idi. Nə bəla vardısa, arxa xətlə bağlıydı.
Bu gün hər zona qorxu saçır.
İndi nə qələbə var, nə qol sevinci, nə də sabaha ümid.
XANOĞLAN İMANOV