COP29

Cavid Hüseynovu "Səbail"də hansı bəlalar gözləyir?

14 Noyabr 23:00 Səbail 258
Cavid Hüseynovu "Səbail"də hansı bəlalar gözləyir?

Şahin Diniyevlə yolları ayıran "Səbail" boş qalan posta Cavid Hüseynovu gətirdi.

Hüseynovu baş məşqçi kimi hər kəs "Şamaxı"dan xatırlayır. Ki, onun "Səbail"ə qədər yeganə baş məşqçi kimi çalışdığı klub "şirlər" olub.

Və pis də yadda qalmayıb.

Düzdü, onun kollektivi mövsümü sonuncu pillədə başa vuraraq Premyer Liqanı tərk edib.

Amma qısa müddətdə sıfırdan və bütünlüklə yerli futbolçulardan qurulan komanda rəqiblərinə başağrısı ola bilib.

Oyun dəsti-xətti, mübarizə ruhu görünüb.

Hətta iddialı klubları belə bəzən büdrədə biliblər.

Əbəs deyil ki, məhdud büdcə, legionersiz heyətlə komanda son tura qədər elitada qalmaq uğurunda mübarizəsini davam etdirə bilib. Sonuncu turda məhz "Səbail"ə məğlubiyyət yekunda "Şamaxı"nın yolunu Birinci Liqadan salıb.

Bir sözlə, gənc mütəxəssisin dünəni ümidvericidir.

Amma burada bəzi məqamları unutmaq olmaz.

Çünki "Səbail" "Şamaxı" deyil.

İlk onu qeyd etmək yerinə düşər ki, Hüseynov baş məşqçi kimi bu dəfə əcnəbi futbolçularla da işləməli olacaq. Dil tapmaq, onların nazını çəkmək mütləqdir.

"Şamaxı"nın heyətini Cavid Hüseynov özü mövsümün əvvəli formalaşdırmışdı. Bu dəfə mövsümün yarısı gəldiyi kollektivi sələfi bir araya gətirib. Tələblərinə cavab verib-verməyəcəyini demək çətindir.

"Şamaxı"da təzyiq yox idi. Futbol ictimaiyyəti ilk turdan bölgə komandasını çempionatı tərk etməyə real namizəd sayırdı. Büdcənin az olması, heyətin ancaq yerlilərdən qurulması sondakı uğursuzluqda hər kəs üçün haqlı bəraət idi. Layiqli mübarizə belə kənardan təravətli görünürdü.

Bayıl təmsilçisində isə qəti bu cür olmayacaq.

Paytaxt klubunda normal heyət də, büdcə də var. Ən azı kollektiv bu gün keyfiyyətdə bir neçə rəqibini qabaqlayır.

Qısası, bugünkü "Səbail"i Premyer Liqada saxlamaq elə də çətin olmamalıdır. Əksi birmənalı olaraq uğursuzluq hesab ediləcək.

Bütün bu məqamları nəzərə alsaq, Cavid Hüseynovun "Səbail"ə gəlmək qərarını bir qədər riskli də hesab edə bilərik.

Mümkün uğursuzluq onun məşqçilik karyerasına ciddi zərbə vuracaq və etibarını azaldacaq.

Elə bu da onun üzərində əlavə təzyiq hesab edilə bilər.

Cavid Hüseynov bu yükün altından çıxa biləcəkmi?

Təbii ki, bu suala ən dəqiq cavab mövsümün sonunda tapılacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 18:10 Çək və bizə göndər!
14 Noyabr 17:40 Tanrı belə istəyir