"Səbail"də Şahin Diniyev dönəmi başa çatdı.
Premyer Liqanın 12-ci turunda "Kəpəz"ə məğlubiyyətdən sonra təcrübəli mütəxəssis getmək qərarı verdi.
Diniyev getdi, indi gündəmi zəbt edən sual onu kimin əvəzləyəcəyidir?
Bəzi namizədlərin adı mətbuatda dolaşır.
Kimin olacağını demək isə çətindir.
Ona görə yox ki, klub rəsmiləri seçim etməkdə çətinlik çəkir.
Klubda futbolu yaxşı bilən kifayət qədər kadr var.
Doğru seçim etməsini də gözəl bilirlər.
Amma kimlərinsə birinci şəxsə birbaşa əlaqəsinin olması onların əl-qolunu bağlayır.
Prosesdən kənarda tutur. Öz namizədlərini gətirmək yolunda ciddi maneə yaradır.
Gələn zənglərdən rəhbər şəxs də başını itirib.
Söhbət Bayıl təmsilçisində baş məşqçi olmaq üçün növbəyə duranların idarə heyətinin sədri Rauf Vəliyevlə birbaşa təmasa keçməsindən, qohumluq, tanışlıq əlaqələrini işə salmasından gedir.
Vəliyev də kimə "yaşıl işıq" yandırmaq lazım olduğuna qərar verməkdə tərəddüd edir.
Görün, Premyer Liqada çıxış edən peşəkar kluba məşqçi təyinatının aparılması necə iyrənc aparılır.
Klubun gələcəyi bəziləri üçün maraqlı deyil.
Şəxsi maraqlar, şəxsi karyera hər şeyin önünə keçib.
XANOĞLAN / SPORTİNFO.AZ