“Premyer Liqadakı yerimizi qorumaq üçün əlimizdən gələni edəcəyik və bunun öhdəsindən gələcəyimizə inanıram”.
Bu sözləri “Səbail”in albaniyalı futbolçusu Ayman Buali Sportinfo.az-a açıqlamasında deyib.
Ötən həftə prinsipial dueldə “Sumqayıt”a məğlub olan “dənizçilər” 12-ci turda növbəti vacib oyuna çıxacaq.
Rəqib sonuncu pillədə yer almasına baxmayaraq, son həftələrdə yaxşı mənada təəccübləndirməyi bacaran “Kəpəz”dir.
Daha bir yenilgi “Səbail”in işini xeyli çətinə salacaq. Və ehtimal olunur ki, ardıcıl məğlubiyyətlərə üzülən Bayıl təmsilçisi vəziyyəti yaxşılaşdıra bilməyəcək.
Buali elitada qalacaqlarına əminliyini azarkeşlərə verdiyi sözlə göstərib:
“Dediyim kimi, məqsədimizə çatacağımıza əminəm. Azarkeşlərimizə söz verirəm ki, “Səbail”i Premyer Liqada saxlayacağıq.
Bəlkə də çempionatı ilk “5-lik”də başa vuracağıq. Çempionat uzun marafondur, nələrin baş verəcəyini özünüz görəcəksiniz”.
11 turdan sonra aktivində 7 xal olan “Səbail” 3 xalla sonuncu pillədə qərarlaşan “Kəpəz”i 4 xal qabaqlayır.
HƏBİB