“Təslim olmaq fikrimiz yoxdur. Sona qədər mübarizə aparacağıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in legioneri Dmitri Litvin komandasının Premyer Liqadakı çıxışı haqda danışarkən deyib.
“Dənizçilər” çempionatın ilk dövrəsində doğma meydandakı uğurlu çıxışı ilə aktivinə 7 xal yazdırmağı bacardı. “Kəpəz”lə “Şamaxı”nı məğlub edən Bayıl təmsilçisi “Neftçi”ylə bərabərə qaldı.
Lakin ikinci dövrə onlar üçün uğursuz başladı. Səfərdə “Neftçi”dən alınan yenilgi xal ehtiyatının artırılmasına imkan vermədi.
Ukraynalı legioner qışa qədər neçə xal toplayacaqlarını deməkdə çətinlik çəksə də, “Səbail”in layiqli mübarizə aparacağını düşünür:
“Gələcəklə bağlı indidən dəqiq söz demək çətindir. Bir şeyi bilirəm ki, rəqiblərin adına baxmayaraq, hər xal uğrunda sona qədər mübarizə aparacağıq. Komandamızdakı futbolçuların yaxşı nəticələr qazanmaq üçün gücü var.
Çempionatın gedişatı göstərir ki, bütün rəqiblərə qarşı layiqincə oynamaq olar və oynayacağıq. Üzərimizə düşən tapşırığın və hədəfin öhdəsindən gəlmək üçün sona qədər döyüşəcəyik”.
Premyer Liqanın 10 turundan sonra aktivində 7 xal olan “Səbail” turnir cədvəlində “Sumqayıt”la birlikdə 8-9-cü yerləri bölüşür.
HƏBİB