«Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev «Səbail»in əsas komandasını boykot edib.
Premyer Liqada 10 tur arxada qalsa da, o, hələ 1 dəfə stadiona ayaq basmayıb.
Halbuki Vəliyev «dənizçilər»in nəinki ev, hətta bəzən səfər oyunlarına da yollanır, kollektivə dəstək olur, böyük miqdarda mükafat verirdi.
Artıq vəziyyət o deyil, Vəliyevin münasibəti 180 dərəcə dəyişib.
Bu da Şahin Diniyevə görədir. Klubun sponsorunun baş məşqçi haqda fikirləri çox mənfidir. Heç üzünü da görmək istəmir.
Sual verə bilərsiz ki, bəs Vəliyev onu niyə sükan arxasında saxlayır?
Məlumatınız olsun ki, ASCO-nun şefi Diniyevi hələ mayın sonunda istefaya göndərməyə hazır idi.
10 milyon manatdan artıq büdcəylə «Səbail»i uğura daşıya bilməyən, ötən mövsümü turnir cədvəlinin aşağı pillərində başa vuran çalışdırıcı acı sözlər deməsi də bizə məlumdur.
Vəliyevə Diniyevə görə zəng gəlib. Böyük hörmət bəslədiyi vəzifəli şəxslərdən biri onunla əlaqə saxlayaraq, baş məşqçiyə növbəti dəfə şans verməsini xahiş edib.
İdarə Heyətinin sədri sözü yerə sala bilməyib, müqavilə müddətinin daha 1 il uzadılmasına razılıq verib.
Amma aydın məsələdir, zorla məhəbbət olmaz. Komandanın işləri qaydasında getməyəndən sonra Diniyevin postundan göndərilməsi qaçılmazdır.
Bayıl təmsilçisi çempionatın ilk 10 həftəsində vur-tut 7 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində «yuxuya dalıb».
SPORTİNFO.AZ