"Səbail" Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Neftçi"yə 1:3 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İstədiyimiz futbolu oynaya bilmirdik. Oyun sistemində böyük problemlərimiz var idi. Kiçik komandayıq. 3 nəfərin olmaması, 4-cünün isə zədəli çıxması özünü göstərdi. "Şamaxı" ilə matçda oturuşmuş heyətimiz var idi. İtkilərimiz var idi deyə istədiyimiz oyunu göstərə bilmədik. Sanki futbolçular "Neftçi"nin adından qorxdular. Tam olaraq rəqibin üstünlüyü ilə keçən oyun oldu. İrəli baxmalıyıq. Qarşıda daha vacib oyunlarımız var. Demişdim ki, "Neftçi" bu heyətlə düşdüyü vəziyyətdən çıxacaq. Biz də gərək taleyimizlə barışaq. "Sumqayıt" və "Kəpəz"lə matçlar bizim üçün çox vacibdir. Yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq.
- Dediz ki, kiçik komandayıq. Bunu hansı mənada nəzərdə tutursuz?
- Hakimin, büdcənin üstünə atmaq asandır. Əlində heyət varsa, oynamalısan. 19-20 yaşlı futbolçulara şans verdik. Birdən-birə 4 oyunçu olmayanda komanda öz gücünü göstərə bilmir. Kiçik komanda sözünü bu mənada dedim. Rotasiya üçün ehtiyat oyunçular skamyamız o qədər də zəngin deyil. Bu gün istədiyimiz oyunun heç 30-40 faizini oynaya bilmədik.
- İlqar Qurbanov bildirib ki, Fernandu Santuşa qədər baş məşqçilər milli komandaya sifarişlə futbolçular çağırıblar. Millinin keçmiş baş məşqçisi kimi siz bu haqda nə deyə bilərsiniz?
- Qurban Qurbanovun yaxşı sözü var, qeyri-ciddi fikrə münasibət bildirmək ciddi adamların işi deyil. O haqda çox danışa bilərəm. İlqarın milliyə gəlməsindən tutmuş bura qədər... İnsan həmişə danışığına fikir verməlidir. Nəyisə müdafiə edirsənsə, savadlı etməlisən.
- "Səbail" bu gün istəksiz görünürdü. Sanki Samir Abasovun debüt oyununda ona jest edirdiz...
- Çox sağ olun. Samir Abasov Qusardan bir kisə fındıq, bir kisə şabalıd gətirmişdi. Amma sualınızın ciddi cavabı odur ki, bu gün futbolda simpatiya mümkün olmayan bir şeydir. Bu gün kim kimə jest etməlidir? 15 xal qabaqda deyilik. 45+2-ci dəqiqədə qol buraxmasaydıq, ikinci hissə tam fərqli olacaqdı.Komanda bu gün uğur qazanmağı çox istəyirdi. Əfsuslar olsun ki, "Neftçi" bütün komponentlərdə bizi qabaqladı. Uduzmağı da etiraf etmək lazımdır.