Premyer Liqa komandalarına rəhbərlik edən yerli məşqçilərin arasında ən yaşlısı “Səbail”li Şahin Diniyevdir.
Başqa cür desək, 58 yaşlı mütəxəssis hələ Azərbaycan millisini çalışdıranda hazırkı çalışdırıcıların hamısı futbolçu qismində top dalınca qaçırdı.
10 komandanın sıralamasında Kurban Berdıyev yaşına görə ilk sırada dayanırsa, Diniyev ikincidir.
Maraqlıdır, vəziyyətin bu cür olması ona necə təsir edir? Vaxtilə rəhbərliyi altında top qovan futbolçuların indi məşqçi kimi qarşısında dayanmasından həzz alır, yoxsa məsuliyyət hissini artırır?
“Səbail”in baş məşqçisi mövzu ilə bağlı Sportinfo.az-a açıqlama verib:
“Cəmi 58 yaşım var. Düşündüyünüz qədər yaşlı deyiləm (gülür). Bu gün komandaya rəhbərlik etmək üçün kifayət qədər gücüm və savadım var.
Yaş təcrübə deməkdir. Avropa futbolunda təcrübənin nələr etdiyini görürsünüz. Təkcə Karlo Ançelotti nümunəsi bəs edir.
Məşqçiləri yaşlı və gənc nəsillərə bölmək istəmirəm. Bu, elə sənətdir ki, bu yaşımda belə, yeni nələrsə öyrrənməyə çalışıram.
Çünki futbol inkişaf edir, hər ötən gün yenilənir. Sürətə tab gətirmək lazımdır.
Məşqçilikdə 40-45 yaş gənc sayılmır. Ona görə də bu gün Premyer Liqada məşqçilik edən həmkarlarımın hər birini “bişmiş”, yəni təcrübəli məşqçi hesab edirəm”.
2001-ci ildə “Terek”də məşqçilik karyerasına başlayan Diniyev, geridə qalan 23 ildə Azərbaycan millisi ilə yanaşı “Qarabağ”, “Kəpəz”, “Rəvan”, “Səbail” kimi Premyer Liqa komandalarını çalışdırıb.
HƏBİB