COP29

“İstəməzdim dediklərimi oxusun, amma...” – “Bişən” futbolçudan söhbət getdi

18 Oktyabr 20:00 Səbail 1 565
“İstəməzdim dediklərimi oxusun, amma...” – “Bişən” futbolçudan söhbət getdi

Fernando Santuşun Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunları üçün nəzərdə tutduğu siyahıda Rüfət Abdullazadənin adına rast gəlmədik.

Halbuki, 23 yaşlı futbolçu “Sumqayıt”dakı qardaşı Səbuhi Abdullazadə ilə birlikdə yaxşı mövsüm keçirir.

“Səbail”in şərəfini qoruyan vinger Premyer Liqanın ilk dövrəsində meydana çıxdığı 9 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb, komandasının qazandığı 7 xalda baş rolda olub.

“Dənizçilər”in baş məşqçisi Şahin Diniyevə ünvanladığımız “Rüfət Abdullazadə Azərbaycan millisinə çağırılmağı haqq edirmi” sualına təcrübəli mütəxəssis bu cür cavab verdi:

“Futbolçuların bacarığına və görmək istədiyi oyun konsepsiyasına görə hər məşqçinin öz baxışı var.

Fernando Santuşun qərarına kimliyindən asılı olmayaraq hörmət etməliyik. Deyə bilmərik ki, filankəsi niyə dəvət etməmisiniz? Çünki qərar onundur.

Söhbət rəhbərliyim altında oynayan futbolçudan gedirsə, Rüfət tam dəyişib, daha çox təcrübə toplayıb və meydanda özünü rahat hiss edir.

Artıq ikinci ildir ona mütəmadi şans veririk. Həm potensialı var, həm də bu dəqiqə onun oynayan, təcrübə yığan vaxtıdır.

Şəxsi fikrimi bilmək istəyirsinizsə, Rüfətin milli üçün yetişdiyini deyə bilərəm. İstəməzdim dediklərimi oxusun, amma həqiqəti deyəcəyəm, o, artıq “bişib”.

Yığma komandada yer almaq istəyirsə, dayanmamalı, öz üzərində mütəmadi işləməlidir. Bu gedişlə ən qısa zamanda orada olacağına inanıram”.

“Sumqayıt”ın yetirməsi olan “11 nömrə” vaxtilə U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu