“Zədəli və cəzalı futbolçularımız var.
Bu baxımdan yoldaşlıq görüşü bizim üçün çox vacib idi”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.
Oktyabrın 13-də “ASCO Arena”da baş tutan yoldaşlıq görüşündə “dənizçilər” “Baku Sportinq”i meydana çıxmağa peşman etdi.
Elita təmsilçisi rəqib qapısından 3 cavabsız top keçirməklə səviyyə fərqini ortaya qoydu.
Oyundan sonra saytımıza açıqlama verən Diniyev “Neftçi”ylə qarşılaşmadan əvvəl bu oyuna ehtiyac duyduqlarını gizlətməyib:
“3-4 futbolçunun yoxluğunda mövqe problemləri yaranıb. Məcburiyyətdən Rüfət Abdullazadəni pleymeyker kimi yoxladıq, David Qomisə 90 dəqiqə meydanda olmaq imkanı yaratdıq.
Mert Çelikin yoxluğunda, müdafiədə kiçik dəyişikliklər etmişdik. Bununla yanaşı, ikinci yarıda əvəzedici komandadan cəlb etdiyimiz futbolçulara şans verməklə onların hazırlıq durumuna nəzər yetirməyə çalışdıq.
“Neftçi”ylə oyunda kimlərə şans vermək və həftəlik oyun tsiklından qopmamaq baxımından bu matç mənim üçün çox vacib idi. Özüm üçün müəyyən qərarlar qəbul etdim”.
Oktyabrın 19-da Premyer Liqanın 10-cu turu çərçivəsində keçiriləcək və “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Səbail” qarşılaşması saat 18:00-da start götürəcək.
HƏBİB