COP29

3 qol, qaçırılan 2 penalti... Bakıda MARAQLI GECƏDƏN FOTOLAR

15 Oktyabr 23:00 Səbail 1 507
3 qol, qaçırılan 2 penalti... Bakıda MARAQLI GECƏDƏN FOTOLAR

Milli komandaların oyunları ilə bağlı daxili yarışlarda yaranmış fasilədən hərə bir cür yararlanmağa çalışır.

Premyer Liqanın iştirakçısı “Səbail”in baş məşqçisi Şahin Diniyev futbolçuların oyun təcrübəsinin azlığından əziyyət çəkməməsi və “Neftçi”ylə oyunda hazırlıqlı görünməsi üçün I Liqa təmsilçisi “Baku Sportinq”lə yoldaşlıq görüşünə “hə” demişdi.

Bazar günü “ASCO Arena”da baş tutan və 100-ə yaxın azarkeşin izlədiyi oyunun kifayət qədər maraqlı alındığını deməliyik.

Premyer Liqa qarşılaşmalarında tribunada petard yandırmaq istəyi ürəyində qalan fanatların ilk hissənin gedişində havaya göy tüstü buraxmaları baxımlı görüntüyə səbəb oldu.

Bəribaşdan qeyd edim ki, “dənizçilər” meydana itkilərlə çıxmışdı. “Neftçi”yə qarşı cəza səbəbindən forma geyinməyəcək Mert Çeliklə Qorka Laruçça, həmçinin zədəli Fərid Nəbiyev matçı kənardan izləmək məcburiyyətindəydi.

Əvəzində, uzun müddət zədədən əziyyət çəkən David Qomis “11-lik”də yer almışdı və sona qədər mübarizə apardı.

Oyuna gəlincə, təcrübə hər mənada özünü göstərirdi. “Səbail”in tətbiq etdiyi sürət və keyfiyyətin qarşılığını “Baku Sportinq”in futbolçuları əzmkarlıqla verməyə çalışsa da, bu, hər dəfə effektli olmurdu.

Odur ki, birinci yarı yarılanmamış meydan sahibləri Madi Queta ilə hesabda önə çıxdı. Yarım saatın tamamında penalti vurmaq imkanı qazanan “Baku Sportinq”ə hesabı bərabərləşdirmək üçün Asim Əlizadə mane oldu. Sabiq “Neftçi”linin zərbəsini Hüseynəli Quliyev dəf etdi.

İkinci yarıda təzyiqi artıran “Səbail” daha iki qolla inamlı qələbə qazandı. 51-ci dəqiqədə Ayman Buali Giray Sofirin ötürməsini baxımlı zərbə ilə qapıdan keçirdi. B

undan 20 dəqiqə sonra Qomis oyunda son nöqtəni qoydu. 73-cü dəqiqədə hesab arasındakı fərq böyüyə bilərdi.

Di gəl, Gülağa Əsədovun 11 metrlik nöqtədən vurduğu top qapıçıya nəsib oldu.

“Baku Sportinq” məğliub olsa da, kifayət qədər xoş təsir bağışladı. Təbii, təcrübəsizlik hər mənada sözünü deyirdi.

Ancaq komandanın I Liqada mübarizə apardığını nəzərə alsaq, çempionatda özünə bab rəqiblərlə 4 oyunda cəmi 1 qələbə qazanıb, 1 heç-heçə etməsi təəəccüb doğurur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti