COP29

Şahin Diniyevin yerinə gəlməyə ən real namizəd hərəkətə keçdi, gerisayım başladı…

22 Sentyabr 15:15 Səbail 5 042
Şahin Diniyevin yerinə gəlməyə ən real namizəd hərəkətə keçdi, gerisayım başladı…

Yaxınlarda «Kəpəz»dən uzaqlaşdırılan Adil Şükürov ümidini «Səbail»ə bağlayıb.

Gəncə klubundan ayrılandan sonra Bayıl təmsilçisinin rəsmiləri ilə görüşən çalışdırıcı Şahin Diniyevlə bağlı yekun qərarın verilməsini gözləyir.

Tək gözləməkmi? Premyer Liqa karyerası 2015-ci ildə «Zirə»dən başlayan mütəxəssis özünün yeni korpusunu formalaşdırmağa çalışır.

O, «Kəpəz»də birgə işlədiyi İlyas Qurbanov və Elşad Tahirovla yanaşı, daha 2 köməkçi götürməyi planlaşdırır.

Şükürov «dənizçilər»in sükanı arxasına keçərsə, Şahin Diniyevin adamlarından heç birini saxlamayacaq. Artıq bu barədə klubun nümayəndələrini məlumatlandırıb.

Diniyev 2022-ci ilin dekabrından bəri «Səbail»də fəaliyyət göstərir. İlyarımlıq dönəmi uğursuzluqla nəticələnən məşqçi cari mövsümə də pis başlayıb.

Altı tura 4 xal toplayan «dənizçilər» turnir cədvəlinin 8-ci pilləsində «mürgü vurur».

Doğrusu, «Səbail»in sezona onunla başlamaq niyyəti olmayıb. İdarə Heyətinin sədri Rauf Vəliyev komandanı yeni simaya tapşırmağa hazırlaşırdı.

Və elə o əsnada gələn zəng prosesin yönünü 180 dərəcə dəyişdirdi. Vəzifəli şəxslərdən birinin «Diniyevi vəzifədə saxlayın» xahişini yerə sala bilməyən Vəliyev əvvəlki qaydada yola davam etməli oldu.

Təbii ki, istəməyərəkdən. İndi də gedişat sədri çox qayğılandırır.

Əlacı kəsildiyindən, Diniyevə dözür. Söz yox, səbrin də öz həddi var.

Aydın məsələdir ki, rəsmilər Vəliyevlə danışıb razılığını almasaydılar, Şükürova doğru heç bir addım atmazdılar.

Diniyev laxlamış diş kimidir, qalıb onu dartıb yerindən çıxarmaq. Nəticələr qara gələndən sonra Vəliyevin də hörmətli məmura deyəcəyi söz olacaq: «Mən daha neyləyim, bu adam işləyə bilmir».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti