Ötən mövsümlə müqayisədə büdcəsi xeyli azaldılan “Səbail” bu mövsümdə ilk qələbəsini qazandı.
“Dənizçilər” “Kəpəz”lə ev qarşılaşmasında rəqibi meydana çıxmağa peşman etdi – 4:0.
Oyunun qəhrəmanlarından biri heç şübhəsiz Suliman Alluş idi. 22 yaşlı niderlandlı vinger matçda vurduğu 1 qola 1 də assist əlavə etməklə qələbədə mühüm rol oynadı.
Alluş Sportinfo.az-a açıqlamasında Gəncə təmsilçisi ilə qarşılaşmada əldə olunan qalibiyyəti şərh edib:
“Yay hazırlıq dönəmindən başlayaraq gərgin məşqlər edirik. Hamı bir nəfər kimi çalışırıq ki, “Səbail”ə uğur qazandıraq.
Ötən həftə “Sumqayıt” son dəqiqə qolu ilə bizi məğlub etdi. Ondan əvvəl “Neftçi”ylə görüşdə qalib gələ bilərdik.
Yalnız “Zirə” ilə oyunun birinci hissəsində pis təsir bağışlamışıq ki, bunu da komandanın ilk matçı ilə əlaqələndirə bilərəm.
Doğru yolda olduğumuzu düşünürəm. “Kəpəz” üzərində qələbəni bir-birimizə inanmaqla və kömək etməklə əldə etdik.
Hamı eyni nöqtəyə vuranda və sona qədər mübarizə aparanda sonluq belə olur”.
4 turdan sonra aktivində 4 xal olan “Səbail” 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.
HƏBİB