COP29

Dar gün üçün pul yığan, tapşırıq və xahişlə işləyən baş məşqçinin müqaviməti

20 Avqust 16:00 Səbail 1 514
Dar gün üçün pul yığan, tapşırıq və xahişlə işləyən baş məşqçinin müqaviməti

«Səbail»də post-Diniyev dönəminə hazırlıq gedir.

Baş məşqçi dəyişikliyi zamana bağlıdır.

Onu burada qalmasını istəyən bir nəfər var, o da Şahin Diniyevin özüdür.

Klubun birinci şəxsindən tutmuş ta ortalarda olanlara, xadiməyə kimi – hamı bu ayrılığın tezliklə gerçəkləşməsini arzulayır. Ola bilsin, həmin gün qurban kəsənlər, nəzir-niyaz paylayanlar da tapılacaq.

Diniyev məşqçi olaraq meydanlıq bir iş görməsə də, ondan kənarda işini ehtiyatlı, ikitərəfli tutub. Özünü həm tapşırtdırıb, həm də xahiş etdirib.

Rauf Vəliyevin də üzü gəlməyib, ona görə zəng vuran şəxslərin sözündən keçməyib. Necə deyərlər, Diniyevin «Səbail»də «ömrü»nü uzatması birtərəfli məhəbbətə söykənir.

Bura onun axırıncı iş yeridir. Yəqin ki, Bayıl yamacından üzüaşağı gələndən sonra hansısa klub, hansısa ağıllı, özünə, puluna hörmət edən rəhbər ona «buyur, gəl» söyləməyəcək.

Ümumiyyətlə, bu dəqiqə «Səbail»də aura o qədər sıxıcı, o qədər darıxdırıcıdır ki… Əsəblər tarıma çəkilib.

Əlbəttə, idarəçi personalla baş məşqçi arasında gərginliyin getdikcə artması, şiddətlənməsi futbolçuların da gözündən yayınmayıb. İstər çoxdan burada olanların, istərsə də yeni gələnlərin.

Komanda Sumqayıt səfərində gec qol buraxdı, tez hesabı bərabərləşdirdi, tez də ikinci topu öz qapısından çıxartdı. Bir şey hiss olundu – «Səbail» qalibiyyət üçün gəlməmişdi.

Sadəcə, ev sahibləri hücum xəttində «dişsiz» təsir bağışladığından, oyunun taleyi yalnız son dəqiqələrdə bəlli oldu.

Bir-iki oyun da belə getsə, tərəflər arasında qarşıdurma açıq müstəviyə keçəcək.

Rauf Vəliyev yayda büdcəni nə qədər azaltsa da, bilirik ki, o, uğursuzluğa uzun müddət səssiz qalmayacaq, ondan Diniyevin xahişini edənin sözündən çıxacaq.

Diniyev dünənki uşaq deyil, Nadir şahı taxtda, çar Nikolayı qundaqda görüb, məgər başa düşmür ki, onunku «Səbail»də də alınmır, sevilmir, rəğbəti itirib? Bilməyinə bilir, əlbəttə.

Amma onu da bilir ki, bundan belə məşqçi dəftərini birdəfəlik bağlamalı, təqaüdə çıxmalı olacaq.

«Dar gün» üçün pul yığmaq mənasında sonuncu şansıdır bu. Odur ki, dirənməkdədir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…