Təlim-məşq toplanışına start verən “Səbail” heyətini üç legionerlə gücləndirib.
“Dənizçilər” mərkəz müdafiəçiləri Dmitri Litvin və Amir Bilali, eləcə də dayaq yarımmüdafiəçisi Qorka Larruça ilə anlaşıb.
Ukraynalı Dmitri Litvin 27 yaşındadır. Kiyev “Dinamo”sunun yetirməsi kimi tanınan futbolçu vətənində Zarya (Luqans), “Olimpik” (Donetsk), Rusiyada “Akron”, “SKA-Xabarovsk”, Farer adalarında “Kİ Klaksvik”, Portuqaliyada “Fafe”, “Real” (Kepuş), “Luzitaniya”nın şərəfini qoruyub.
Sonuncu iş yeri də məhz “Luzitaniya” olub. Litvin 2017-ci ildə Ukraynanın U-21 millisində 1 oyunda meydana çıxıb.
Makedoniyada doğulan, lakin Albaniya vətəndaşlığını daşıyan Amir Bilali 30 yaşındadır. Uşaqlıq dövrünü İtaliyada keçirən mərkəz müdafiəçisi futbolun sirlərinə “Kremoneze” və “Latsio”nun akademiyalarında yiyələnib.
Müxtəlif illərdə “Çelye” (Sloveniya), “Bilis”, “Teuta”, “Partizani”(Albaniya), “Rabotniçki”, “Şkupi”, “Qostivari” (Makedoniya), “Akademika Klinseni” (Rumıniya), “Mezokoveşd” (Macarıstan), “Akjayik” (Qazaxıstan), “Sutyeska” (Monteneqro) komandalarının uğurları üçün tör töküb.
Albaniya U-19 millisinin sabiq üzvü ötən mövsüm Makedoniyada “Qostivari”nin uğurları üçün tər töküb.
31 yaşlı Qorka Larruça dayaq yarımmüdafiəçisidir. Peşəkar karyerasına vətəni İspaniya klubu “Qernika”da start verən “6 nömrə” 2011-2019-cu illər aralığında bu komandanın formasını geyinib.
Növbəti mövsümdə “Real Union”un, 2020-2022-ci illər aralığında “Amorebyeta”nın şərəfini qoruyub.
29 yaşında karyerasında ilk dəfə legioner həyatı yaşayan Qorka “Dinamo Buxarest”ə üz tutub. Ötən mövsüm Bolqarıstan elitasında mübarizə aparan “Elar”da keçirib.
Maraq üçün bildirək ki, sözügedən futbolçular “Səbail”ə iyulun 5-də Ərzurumda qoşulacaqlar.
HƏBİB / SPORTİNFO.AZ