«Qarabağ» sayca 10-çu çempionluğunu Bayılda «rəsmiyyətə tökdü».
Qəsəbəyə qucaq açan yamacda 3 cavabsız qolla qalibiyyət əldə etdilər.
«Səbail»in baş məşqçisi Şahin Diniyev matçdan sonra verdiyi bir açıqlamayla diqqətimi çəkdi.
«CBC Sport»a dedi ki, seçdiyi taktikaya görə uduzmadılar və kim hesabı açsaydı, o da qələbə çalacaqdı.
Əlavə olaraq söylədi ki, etdiyi əvəzləmələr məğlubiyyətdə rol oynamadı, səviyyə fərqi işini gördü.
Ehtiyatsız açıqlamadır bu. Diniyev yaşda və başda məşqçinin mövsümün başa çatmasına 2 tur qalmış futbolçularının potensialına şübhəylə yanaşmasını dolayısı ilə dilə gətirməsi anlaşılan deyil.
Heç hənanın yeridir?
Futbolçuları meydanında kənarında qucaqlamağın nədir, çıxıb efirdə bu cür ifadələr işlətməyin nədir? Bir az səmimi olmaq lazımdır, Şahin bəy!
Səmimiyyət içinizdən gəlmirsə, barı, bir az uzaqgörən olun. İki tur qalıb da, komandanı «pişim-pişim»lə meydana çıxarın, istədiyiniz nəticəni alın.
Çempionat bitər, sonra istəmədiyiniz, səviyyəsindən narazı qaldığınız oyunçuları göndərərsiz də, qarşınızı kəsən yoxdur ki!
Diniyev bu cür ehtiyatsız danışdığı üçün onu «Səbail»də sevməyənlər çoxdur.
KAMİL