COP29

Ərəbləri təəccübləndirən azərbaycanlı: “Məqsədim millidə çıxış etməkdir”

12 Sentyabr 05:40 Şahmat 1 227
Ərəbləri təəccübləndirən azərbaycanlı: “Məqsədim millidə çıxış etməkdir”

Azərbaycanın istedadlı şahmatçısı Xaqan Əhməd növbəti uğura imza atıb.

Sportinfo.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Masters” turnirində çıxış edən şahmatçı beynəlxalq usta (International Master) tituluna tələb olunan üçüncü normanı yerinə yetirib.

Təmsilçimizə beynəlxalq qrosmeyster üçün ilk normanı təsdiqləməkdən ötrü yarım xal kifayət etməyib.

Xaqan Əhməd Azərbaycanın istedadlı şahmatçılarından sayılır. Cari ilin əvvəlində Beynəlxalq Şahmat Federasiyasının təsis etdiyi Şahmat Akademiyasına cəlb edilib. X.Əhməd 450 yeniyetmə arasından seçilərək əyani məşqlərdə iştiraka dəvət olunub.

X.Əhməd Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına açıqlamasında gələcək hədəflərindən danışıb: “Əbu-Dabi turniri yaxşı keçdi. Hədəfim beynəlxalq qrosmeyster üçün tələb olunan ilk normanı yerinə yetirmək idi. Təəssüf olsun ki, yarım xalım çatmadı. Amma həvəsdən düşmürəm. Şahmatı çox sevirəm, başa düşürəm ki, səylə çalışmağı davam etdirməliyəm. Hazırda arzum tezliklə beynəlxalq qrosmeyster olmaq və FIDE reytinqimi 2700 əmsalına çatdırmaqdır. Bütün bunlardan sonra məqsədim milli komandada çıxış etməkdi”.

Xaqan Əhmədlə işləyən məşqçi Rəsul İbrahimov onun perspektivlərini yüksək qiymətləndirib: “Xaqanla ilk tanışlığım 2022-ci ilin sentyabrına təsadüf edir. İlk məşqdən onun barəsində çox müsbət fikirlərim yarandı. Yaşına görə yüksək erudisiyasını, şahmatda mübarizliyini xüsusi qeyd etməliyəm. Biz Orxan Abdulovla paralel olaraq Xaqanla işləməyə başladıq. Cəmi 5 ay ərzində şahmatçı reytinqini 2150-dən 2320-yə artırdı. 2023-cü ilin aprelində FIDE ustası adını qazandı. Cari ildə əsas hədəfimiz reytinqi 2400-ə çatdırmaq və beynəlxalq usta tituluna layiq görülmək idi. Xaqan ardıcıl iştirak etdiyi turnirlərdə yüksək nəticələrlə məqsədə nail oldu. 15-ə yaxın 2400 reytinqli şahmatçını klassik oyunda məğlub etməklə böyük potensialının olduğunu təsdiqlədi. Ümid edirik ki, FIDE-nin Ümumdünya Şahmat Olimpiadası günlərində keçiriləcək konqresində beynəlxalq usta adı təsdiqlənəcək.

12 yaş 10 aylığında beynəlxalq usta olmaqla nəticələrinin Teymur Rəcəbovla müqayisə olunmasına imkan verir. Qeyd etməliyəm ki, bu normativləri Xaqan açıq beynəlxalq yarışlarda qazanıb. Azərbaycan Şahmat Federasiyası ona müəyyən yarışlarda iştirak etməyə, eləcə də məşqçi ilə işləməyə dəstək olur. Xaqanın qarşıya qoyulan böyük hədəflərə çatmaqdan ötrü ayrıca sponsora ehtiyacı olduğunu düşünürəm”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?