"Komandamız gənc olduğu üçün bu nəticə böyük uğurdur".
Sportinfo.az xəbər verir ki, bunu "Chartres Echecs" klubunun heyətində Fransa çempionu olan Azərbaycan şahmatçısı Rauf Məmmədov deyib.
36 yaşlı qrossmeyster dörd il bu komandada çıxış etdiyini xatırladıb:
"Azərbaycanlı şahmatçı Namiq Quliyev kapitanımızdır. Keçən il üçüncü olmuşduq. Bu il isə nəticəmizi yaxşılaşdırıb birinci yeri tutduq".
"Yarış vaxtı maraqlı anlar da oldu. Vacib qarşılaşmaların birində "Lion"a 2:1 hesabı ilə qalib gəldik.
Həmin vaxt Karen Qriqoryanı məğlub etdim. Bu qalibiyyət son iki oyuna yaşıl işıq oldu", - deyə təcrübəli şahmatçı vurğulayıb.
Rauf Məmmədov bu il əsas hədəflərinin Şahmat Olimpiadasından Azərbaycana medalla qayıtmaq olduğunu sözlərinə əlavə edib.