Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin “Baegan Pendik” klubu Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə Avropa Klub Kubokunun qalibi olub.
Sportinfo.az xəbər verir ki, Məmmədyarovun komandası yeddi turun yekununda 13 xal toplayaraq kişilərin yarışında birinci yeri tutub. Türkiyə təmsilçisi son turda Rumıniyanın “SuperChess Romania” klubunu 3,5:2,5 hesabı ilə məğlub edib.
Azərbaycanın “Vüqar Həşimov” klubu isə 108 iştirakçı arasında onuncu pillədə qərarlaşıb. Komanda son turda Türkiyənin “Pausa” kollektivinə 5,5:0,5 hesabı ilə qalib gələrək xallarının sayını ona çatdırıb.
“Vüqar Həşimov”un heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Şiroğlan Talıbov, Read Səmədov, Xəzər Babazadə, Vüqar Manafov və Kənan Qarayev çıxış ediblər.
Qadınların yarışında Azərbaycanın “Odlar Yurdu” klubu mükafatçılar sırasına düşə bilməyib. Yeddi turun nəticəsinə əsasən, on xal toplayan komanda 22 iştirakçı arasında dördüncü yeri tutub.
Son turda “Odlar Yurdu” Serbiyanın “Sirmium Sremska Mitrovitsa” klubuna 0,5:3,5 hesabı ilə uduzub. Bu məğlubiyyət Azərbaycan təmsilçisinin ilk üçlükdə yer almasına mane olub.
Komandanın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparıblar.
Qeyd edək ki, yarışdan əvvəl hər iki Azərbaycan klubu start reytinqinə görə ən güclü on komanda sırasında idi. “Vüqar Həşimov” səkkizinci, “Odlar Yurdu” isə beşinci nömrə altında mübarizəyə başlayıb.
