Azərbaycan şahmatçısı Rauf Məmmədov Monteneqroda keçirilən Avropa çempionatında Dünya Kubokuna vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, qrossmeyster buna Petrovats şəhərində təşkil olunan yarışda 14-cü yeri tutmaqla nail olub.
11 turun nəticələrinə görə azərbaycanlı şahmatçılar arasında ən yaxşı nəticəni məhz R.Məmmədov göstərib. O, 7,5 xal toplayıb. Digər təmsilçilərimiz ilk “20-liy”ə düşə bilməyiblər.
Avropa çempionatında Azərbaycanı 22 şahmatçı təmsil edib. Yarışın qalibi 9 xal toplayan serbiyalı Aleksandar İnciç olub.
Avropa çempionatında ümumilikdə 395 şahmatçı iştirak edib. 100 min avro mükafat fondu olan yarışın qalibi 20 min avro əldə edib.
36 yaşlı R,Məmmədov Dünya Kubokunda hər nəticənin qeydə alına biləcəyini söyləyib:
"Avropa çempionatı həmişə çətin yarış olub. Burada 400-dən çox iştirakçı var idi və Dünya Kubokuna cəmi 20 şahmatçı vəsiqə qazana bilərdi.
Yarış mənim üçün yaxşı başladı. Turnir ərzində liderlər sırasında idim, sonda da Dünya Kubokuna vəsiqəni təmin etdim".
Təcrübəli şahmatçı azərbaycanlı qrossmeyster Nicat Abasovun 2023-cü ildə Dünya Kubokunda yarımfinaladək irəlilədiyini xatırladıb:
"Demək istəyirəm ki, yaxşı hazırlıq olsa, hər şey ola bilər".