Sportinfo.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası ətrafında qalmaqal böyüyür.
Prosport.az-ın xəbərinə görə, kişi şahmat yığmamızdan kənar qalmış 32 yaşlı Vasif Durarbəyli özünə qarşı ayrı-seçkiliyə görə federasiyanı məhkəməyə və ya FIDE (Beynəlxalq Şahmat Federasiyası) Etika və İntizam Komissiyasına verəcəyini bildirib.
O bunu Bakı doğumlu İsrail şahmatçısı Emil Sutovskiyə "feysbuk" hesabında yazdığı kommentində qeyd edib:
"Mən tezliklə bizim federasiyanı məhkəməyə verməyə hazırlaşıram. Həmçinin, bu məsələ ilə bağlı FIDE Etika Komitəsinə sorğu yönəldəcəyəm.
Başa düşürəm ki, bu, müstəqil komitədir. Əgər məhkəmə və ya komitədə haqqımı sübuta yetirə bilsəm, ümid edirəm ki, FIDE mənə qarşı diskriminasiyaya qarşı ölçülər götürəcək".
Sumqayıt şahmat məktəbinin yetirməsi olan Vasif Durarbəyli 2006-cı ildə Gürcüstanın Batumi şəhərində U-14-lər arasında dünya, 2010-cu ildə U-18-lər arasında Avropa çempionu olub.