COP29

Millilərimiz niyə belə bərbad gündədir?

25 Sentyabr 01:10 Şahmat 321
Millilərimiz niyə belə bərbad gündədir?

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Ümumdünya Şahmat Olimpiadası millilərimiz üçün uğursuzluqla başa çatıb.

Sportinfo.az xəbər verir ki, prosport.az 2 il əvvəl Hindistanın Çennai şəhərində keçirilmiş Olimpiada ilə indikini müqayisə edib.

Kişi millimiz

2022-ci ildə Nicat Abasovun kapitanlığı ilə kişi millimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli ilə Hindistana yollanmışdı.

Bu il isə Teymur Rəcəbov oynamaqdan imtina etmiş və ona kapitanlıq həvalə edilmişdi. Federasiyanın apardığı siyasət nəticəsində Vasif Durarbəyli küsdürülmüşdü. Bu səbəbdən heyətdə köklü dəyişiklik vardı.

Əvvəlki əzəmətini itirmiş Şəhriyar Məmmədyarova daha 1-ci lövhədə yox, 3-cü və 4-cü lövhədə oynamaq imkanı verilmişdi. 1-ci lövhə 19 yaşlı, 2019-cu ildə 14 yaşlılar arasında dünya çempionu olmuş Aydın Süleymanlının "kurasiyasında" idi. Ötən il Bakıda keçirilmiş Dünya Kubokunun 4-cüsü və bu il Kanadanın Toronto şəhərində baş tutmuş Namizədlər turnirinin iştirakçısı olmuş Nicat Abasova 2-ci lövhə tapşırılmışdı. Bir sözlə, komandamızın Budapeştə yollanan tərkibi bu cür idi: Aydın Süleymanlı, Nicat Abasov, Rauf Məmmədov, Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı. Teymur Rəcəbovun yoxluğunda tam təbii olaraq millimizin orta reytinqi də aşağı idi. Cənubi Asiyaya 2680 xalla yollanmış milli Mərkəzi Avropaya 2657 xalla getmişdi və iştirakçılar arasında reytinqinə görə 12-ci idi.

Komandamız özündən reytinqdə aşağı olan İordaniya (103), Finlandiya (56), Moldova (34), Monteneqro (36), Qazaxıstan (41), Kuba (35) və Braziliyaya (39) qalib gəldi. Ona görə də burada təəccüblü heç nə yoxdur. Elə V turda reytinqdə 2-ci olan və sonradan Olimpiadanın çempionu olan Hindistana məğlubiyyətdə təəccüblənməyə dəyməz. Bu stolüstü idman növünün vətəni olan yığmada 1-ci lövhədə bu il şahmat tacı üçün çinli Din Lirenlə görüşəcək Qukeş Dommaracunun yer alması hər şeydən xəbər verir. Lakin VI turda Litvaya (29) məğlubiyyət, VIII turda İtaliyaya (28) və IX turda Yunanıstanla (23) heç-heçələr artıq komandanın zəif çıxışından xəbər verir. Nəticədə komandamız 16 xalla 8-ci oldu. Halbuki 2 il əvvəl eyni xalla 7-ci ola bilmişdik.

Qadın millimiz

2 il əvvəl qadın millimiz Nicat Məmmədovun kapitanlığı ilə Hindistana yollanmışdı. Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva heyəti təşkil edirdi. Komandamızın reytinq əmsalı 2399 idi.

Bu dəfə heyətdə tək dəyişiklik kapitanla bağlı idi. Bu dəyişiklik bəh-bəhlə təriflənən belaruslu Mixail Şereşevskinin adı ilə bağlıdır. Şahmatçıların adları dəyişməz qalsa da, lövhələr üzrə sıralama bu cür idi: Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova. Göründüyü kimi, bu il Yunanıstanda Avropa çempionu olmuş Ülviyyə Fətəliyevaya 2-ci lövhə tapşırılmışdı. Reytinq əmsalında isə cüzi dəyişiklik vardı: 2399 yox, bu dəfə 2398. Son Avropa 2-cisi olan yığmamız reytinqin 6-cı komandası idi.

Komandamız bu Olimpiadada özündən aşağı reytinqli yığmalar – Nikaraqua (91), Avstraliya (46), Sloveniya (28), Vyetnam (20), İsveçrə (21), Monqolustana (18) qalib gəldi. Son turda reytinq-favorit və çempion olan Hindistana məğlubiyyət başadüşüləndir. Bəlkə də hardasa sonradan gümüş medalları qazanacaq Qazaxıstana (10) məğlubiyyəti də anlamaq olar. Ötən Olimpiadanın qalibi Ukrayna (5) ilə heç-heçəni isə şişirtməyə dəyməz. Çünki orada Anna və Mariya Muzıçuk bacılarının Olimpiadaya qatılmaq istəməməsi Ukraynanın heyətini zəiflədib. Argentina (26) və İtaliya (24) heç-heçələri isə komandanı pis vəziyyətdə qoydu. Nəticədə komanda öz reytinqinə yaraşmayan yerdə – 15-ci yerdə turniri başa vurdu. Halbuki Hindistanda 7-ci yer qeydə alınmışdı.

Bu yerdə lövhələr üzrə yerdəyişmələr edən Mixail Şereşevskinin kapitanlıq bacarığı da sual altına düşür deyə bilərik. Məsələn, Xanım Balacayeva son 4 turda 4-cü lövhədə oynadıldı. Bunlardan yalnız 1-də qalib gəldi, 3-də məğlub oldu. Xüsusən onun VIII turda italiyalı Culiya Salaya məğlubiyyəti komandanı qələbədən məhrum etdi. Bu 4 turda Gülnar Məmmədova da şans vermək olardı. Gülnar Olimpiadada keçirdiyi 5 görüşdən yalnız 1-də məğlubiyyətlə barışmışdı.

Göründüyü kimi, əvvəllər qadın yığmamızın uğurlu çıxışı ilə öyünürdük. Ancaq bu Olimpiadada kapitan və məşqçi işinin zəifliyi bəzi məsələləri sual altına qoydu. İndi federasiya rəhbərliyi papağı qarşısına qoyub bu zəif nəticələrin hardan və kimdən qaynaqlanması barədə düşünməlidir.

Səbuhi Musa

Digər Xəbərlər
Xəbər Lenti