COP29

Federasiya millinin formalaşdırılması üçün əsas şərtləri açıqladı

12 İyul 04:00 Şahmat 226
Federasiya millinin formalaşdırılması üçün əsas şərtləri açıqladı

Azərbaycan Şahmat Federasiyası (AŞF) Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək milli komandaların formalaşdırılması üçün şərtləri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AŞF-nin mətbuat xidmətindən bildirilib.

"Sentyabrda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan həm kişi, həm də qadınlardan ibarət komandalarla təmsil olunacaq. Ümumdünya Şahmat Olimpiadası şahmat dünyasının ən nüfuzlu yarışlarından sayılır və mötəbər yarışda iştirak edəcək komandanın formalaşmasında bir sıra kriteriyalar nəzərdən keçirilir. Azərbaycan Şahmat Federasiyası hər bir şahmatçının yarışlarda iştirakını diqqətdə saxlayır, lazım olan köməkliyi əsirgəmir. İlbəil Azərbaycan çempionatının mükafat fondunu artırmaqla milliyə namizədlərin hamısının yarışda iştirakını təmin etməyə çalışır.

Milli komandanın heyəti şahmatçıların cari il ərzində daxili və beynəlxalq turnirlərdə, o cümlədən yerli yarışlar arasında ən önəmli sayılan – Azərbaycan çempionatında iştirakı, şahmatçının oyun hazırlığı, federasiyanın təşkil etdiyi məşqlərə qatılması, milli komanda dəyərlərinə hörmət etmək kimi prinsiplər əsas götürülür. Milliyə dəvət alan şahmatçı komandadaxili münasibətlərin və işgüzar ab-havanın möhkəmlənməsində iştirak etməli, komanda ruhuna sadiq olmalı və ümumi məqsədi şəxsi prinsipindən üstün saymalıdı. Millinin formalaşmasında şahmatçının FIDE reytinqi nəzərə alınır, lakin bu amil həlledici rol oynamır. Milli komandaya namizədlər Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvləriylə müzakirə edilir və yekun qərar qəbul olunur.

Cari il kişi şahmatçılardan ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı dəvət olunub. Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar.

Milli komandanın heyəti formalaşarkən hər bir heyət üçün bir ehtiyat şahmatçı seçilib. Kişi və qadın şahmatçılardan ibarət komandalarda müvafiq olaraq Vasif Durarbəyli və Ayan Allahverdiyeva ehtiyat iştirakçı kimi siyahıya əlavə edilib. Milli komandanın əsas üzvləriylə yanaşı ehtiyatda adı qeyd olunan şahmatçılar da Azərbaycan Şahmat Federasiyası tərəfindən təqaüd proqramına daxil edilib, - deyə məlumatda vurğulanıb.

Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə