«Sabah» dördüncü «qara həftə»ni arxada qoydu.
«Kəpəz»ə Masazırda da qalib gələ bilmədilər.
Yusif İmanovu ehtiyatda əyləşdirən Murad Musayev, yəqin ki, bir də belə səhv eləməz. Rüstəm Samiqullin iki kobud xətasıyla rusiyalı baş məşqçinin ağ zolağa çıxmaq arzusunun üzərindən çalın-çarpaz xətt çəkdi.
Meydanın bütün istiqamətlərində «Kəpəz»dən üstün təsir bağışlayan «Sabah» 2 xalı gənc qapıçısının inamsız və inanılmaz yanlışlarının bahasına itirdi.
Tanıdığım Murad Musayev hirsindən gecə yata bilməyib, səhəri dirigözlü açıb.
Görsəm, özündən də soruşacam - İmanovu ehtiyata çəkməyə nə lüzum var idi?
Bu dar macalda nəsə başqa bir problem yaranmamışdısa, Yusifi kənarda əyləşdirmək heç bir məntiqə sığmır.
Murad Musayev neçə aydır imicini dəyişib. İndi «kepka»sını başından çıxarmır. Yəqin bundan sonra o «kepka»nı çıxarıb qarşısına qoyar və dərindən fikirləşər, yüz ölçüb, bir biçər.
Axtarıb tapar ki, komanda nədən dərin uçuruma yuvarlanar. Özü də bunun səbəbini tez öyrənməli, tez çözməlidir.
Zaman «Sabah»ı gözləmir.
İtirilər bu xallar ki var, mövsümün ikinci yarısında Musayevi çox göynədəcək.
MUSA