"Qarabağ" çempion oldu, "Sabah" üzüağ çıxdı - Gərgin finala doğru

17:00 Sabah 274
"Qarabağ" çempion oldu, "Sabah" üzüağ çıxdı - Gərgin finala doğru

Azərbaycan Premyer Liqasının 32-ci turunda "Sabah" və "Qarabağ" komandaları üz-üzə gəldi.

Bank Respublika Arenada keçirilən görüş 1:1 hesablı bərabərliklə başa çatdı. Qarşılaşmanı stadiondan 4000 azarkeş canlı izləyib.

Oyun kifayət qədər gərgin və mübarizə şəraitində keçdi. Hər iki komanda bir neçə gün əvvəl Azərbaycan Kubokunun yarımfinal mərhələsində vacib oyun keçirdiyindən heyətlərində dəyişikliklər etmişdi.

Bu baxımdan "Qarabağ" daha çox rotasiyaya getmişdi ki, bu da Ağdam klubunun geniş və keyfiyyətli heyətə sahib olması ilə bağlı idi.

Görüşdə tərəflər qarşılıqlı hücumlar sərgiləsə də, hesab bərabər qaldı. Bu nəticə ilə "Qarabağ" mövsümün bitməsinə 4 tur qalmış 12-ci dəfə Azərbaycan çempionluğunu rəsmiləşdirdi. Lakin oyunun əsas diqqətçəkən tərəfi nəticədən daha çox meydandakı idman mübarizəsi və azarkeşlərin yaratdığı ab-hava oldu.

"Sabah" üçün bu nəticə ardıcıl 3-cü dəfə "Qarabağ" qarşısında məğlub olmamaq baxımından əhəmiyyətli idi. Son üç oyunun hamısında tərəflər 1:1 hesablı heç-heçə ilə meydandan ayrılıblar.

Bu, həm də baş məşqçilər Vasili Berezutski və Qurban Qurbanovun rəhbərliyi altında keçirilən 3-cü qarşılaşma idi. Maraqlıdır ki, mütəxəssislər hər dəfə meydanı heç-heçə ilə tərk ediblər.

Ümumiyyətlə, son illərdə "Sabah" və "Qarabağ" arasındakı görüşlər çempionatın əsas bəzəyinə çevrilib. "Sabah" cari mövsümdə çempionatda gözlənilən çıxışı, nəticələri sərgiləməsə də, bu, "Qarabağ"la oyunlara təsir etməyib. Bu komandalar arasındakı matçlar yenə də son iki mövsümdə olduğu kimi xüsusi idman gərginliyi ilə seçilir.

Dünənki oyun, həmçinin iki komandanın 31 may tarixində Sumqayıtda keçirəcəkləri Azərbaycan Kubokunun finalı öncəsi bir sınaq xarakteri daşıyırdı.

Əlbəttə, finalda bizi daha optimal heyətlərin iştirakı ilə, daha gərgin və güzəştsiz oyunun gözlədiyi şəksizdir.

"Sabah" avrokuboklara vəsiqə üçün son ümid işğından maksimum faydalanmaq, "Qarabağ" isə mövsümü qızıl dublla başa vuraraq, son aylarda komandada geriləmə olması iddialarına cavab vermək istəyir.

Bu baxımdan, mayın 31-də, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda bizi əsl futbol bayramı gözlədiyini əminliklə demək olar.

Xəlil Sadıq

Digər Xəbərlər
Xəbər Lenti