
Turun ən səs-küylü qarşılaşması Masazırda reallaşacaq.
Premyer Liqadakı intriqa baxımından nəzərə alsaq, “Qarabağ”la “Sabah” arasında ciddi fərq var.
Əsas məsələ bu komandaların Azərbaycan kubokunun finalında üz-üzə gələcəyidir ki, məhz mayın 31-dəki dueldən bir ay əvvəl bu qarşılaşmanı izləmək zövq verəcək.
Ağdamlılar çempionluğu vaxtından əvvəl bayram etmək həvəsindədirsə, “tələbələr” güclü rəqibinə “mən də varam” demək istəyir.
“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Sportinfo.az-a verdiyi açıqlamada oyunun özləri üçün gərgin keçəcəyini gizlətməyib:
“Hər bir futbolçu çempionluqdan, kubokdan, yaxud hansısa uğurdan əvvəl öz oyununu düşünməli, bacardığının ən yaxşını etməyin planlarını cızmalıdır. Belə olduğu halda uğur özünü səni tapır.
Bilirəm ki, “Sabah”ın futbolçuları da meydana “biz “Qarabağ”dan güclüyük” düşüncəsi ilə çıxacaq. Məqsədləri özlərini yaxşı tərəfdən göstərmək, sübut etmək olacaq.
Bizim üçün çətin olacağı dəqiqdir. Son matçlarda qazandığımız qələbələr keçmişdə qaldı.
Bundan sonra “Sabah”ı düşünməliyik. Hər nə qədər çətin görünsə də, məqsədimiz dəyişməz qalır”.
Aprelin 27-də “Bank Respublika Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.
HƏBİB