
"Sabah" Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıraraq (2:1, 1:1) finala vəsiqə qazandı.
Masazırda keçirilən və bərabərliklə bitən qarşılaşmadan sonra "tələblər"in müdafiəçisi Con İrasabal Sportinfo.az-a müsahibə verib.
- Finala vəsiqə qazanmaq necə hisslərdir?
- Bu, möhtəşəm bir hissdir. Komandanın zəhmətinin nəticə verdiyini görmək sevindiricidir.
- Neftçi" ilə görüşə erkən final deyənlər də az deyildi. "Sabah" nəyin hesabına cütün qalibi ola bildi?
- Bu mərhələdə hər bir rəqibi məğlub etmək çətin olardı. Buna görə də fərqli final kombinasiyaları mümkün idi.
- Cavab görüşündə rəqib daha yaxşı çıxış etdi. Xüsusilə ilk hissədə. Bu, ilk oyundakı qələbənin verdiyi rahatlıqdan irəli gəlirdi?
- Onların itirəcək heç nəyi yox idi, buna görə də oyuna çox aqressiv başladılar. Düzü, oyundan öncə belə də gözləyirdik.
- Oyunun hansısa məqamında finalın əldən çıxması kimi narahatlıq keçirdinmi?
- Aydındır ki, hər bir qol oyunun taleyini dəyişə bilərdi, amma biz oyun zamanı özümüzə inamlı idik.
- Möhtəşəm azarkeş dəstəyi vardı. Bu barədə nələr deyə bilərsən?
- Bəli. Azarkeşlərimizin stadionda olması həmişə xoş hissdir. Stadionda əla atmosfer var idi. Dəstəyə görə hər bir azarkeşə təşəkkür edirəm. Bu, meydanda mübarizə aparmağı asanlaşdırır.
- Karyeranda daha əvvəl final oyunu keçirmisən?
- Oxşar vəziyyəti bir neçə il əvvəl "Amorebieta" ilə İspaniya ikinci liqasına yüksəlmək uğrunda yaşamışdım.
- Həlledici görüşdə rəqib "Qarabağ"dı. Bu məqam sizi qorxutmur?
- Düşünürəm ki, bu, qarşılaşma üçün ən maraqlı rəqibdir. Onlar fərdi baxımdan çox keyfiyyətlidirlər və bu, böyük bir sınaqdır.
- Növbəti turda da "Qarabağ"la üz-üzə gələcəksiz. Bu görüşü finala hazırlıq matçı hesab etmək olar?
- Mən belə düşünmürəm. Titul uğrunda oynamaq tamamilə fərqli hissdir. Finalda mentalitet daha önəmli olacaq.
XANOĞLAN İMANOV