Təəssüfləndi: “Neftçi”nin liderləri qayıdacaq, bizim üçün çətin olacaq”

16:00 Sabah 321
Təəssüfləndi: “Neftçi”nin liderləri qayıdacaq, bizim üçün çətin olacaq”

Futbol ictimaiyyəti bu gün “Sabah”la “Neftçi” arasında keçiriləcək oyunu səbrsizliklə gözləyir.

Azərbaycan kubokunun yarımfinalında mübarizə aparan komandaların duelində sevinən tərəf finalda oynamaq şansını qazanacaq.

“Tələbələr” ilk matçı qalib başa vursa da, “Neftçi”nin ayaq səsləri cavab qarşılaşmasının gərgin keçəcəyindən xəbər verir.

“Sabah”ın hücumçusu Anatoli Nuriyev də bu fikirdədir. “9 nömrə” Sportinfo.az-a açıqlamasında axşamkı oyunla bağlı danışıb:

“Əlimizə çox yaxşı imkan düşüb. “Sabah” tarixində ilk dəfə Azərbaycan kubokunu qazana bilər. Buna nail olmaq üçün çox çalışmalıyıq.

İlk oyunda qazandığımız qələbə cüzi üstünlük sayıla bilər. Lakin cavab oyunu bizim üçün çətin olacaq.

“Neftçi” qol vurmaq üçün hücum edəcək, təzyiq göstərəcək. Həm də liderləri qayıdacaq.

Bu dəfə fərqli olacağını düşünürəm. Birinci dueldə hər iki komanda müəyyən mənada ehtiyat edirdisə, artıq buna ehtiyac qalmayacaq.

“Neftçi Arena”dakı qarşılaşmada üçüncü qolu vurmalıydıq. Penaltimiz verilmədi, özümüz də real imkanları boşa verdik.

Çox heyif. Hesab 3:1 olsaydı, meydana daha rahat çıxa bilərdik. Fikrimcə, “Neftçi”ni keçib, finalda oynaya bilərik”.

“Bank Respublika Arena”da gerçəkləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti