
Rusiya millisinin sabiq baş məşqçisi Valeri Qazzayev keçmiş futbolçuları olan Berezutski qardaşlarının məşqçilik fəaliyyətini dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında gənc mütəxəssislərin işinə qiymət verməyin erkən olduğunu bildirib.
Qazzayevin fikrincə, həm “Sabah”ın baş məşqçisi olan Vasili Berezutski, həm də Moskva ÇSKA-sında köməkçi məşqçi kimi fəaliyyət göstərən Aleksey Berezutski işinə məsuliyyətlə yanaşır:
“Onların məşqçilik fəaliyyətini qiymətləndirmək çətindir. Gözləyək, görək necə olacaq.
Onlar bu işə çox ciddi yanaşıblar. Məşqçinin qiyməti – nailiyyətlər və nəticələrdir.
Əgər nəticə varsa, deməli, məşqçi düzgün işləyir, nəticə yoxdursa, onu işdən çıxarırlar. Buna görə də mən onlara uğurlar arzulayıram, təkcə ölkə çempionatında yox, bütün böyük turnirlərdə uğurlar qazansınlar”.
“Sabah” Vasili Berezutskinin rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 31 turdan sonra 39 xalla beşinci pillədə qərarlaşır.