
“Sabah” – “Səbail” oyunu əhəmiyyətinə görə bəlkə də 31-ci turdakı digər natçların kölgəsində qalır.
Lakin unutmayaq ki, bu duelin də özünəməxsus prinsipiallığı var.
Burada söhbət 2025-ci ilin uğursuzlarının qarşılaşmasından gedir.
Belə ki, “tələbələr” Premyer Liqada sonuncu qələbəsini fevralın 9-da “Turan Tovuz” üzərində qazanıb. O vaxtdan bu yana 8 oyundur qalibiyyət sevinci yaşanmır.
Bu fakt bəlkə də əksəriyyətin diqqətini çəkməyib. “Sabah”ın ölkə kubokunda “Sumqayıt”la “Neftçi” üzərindəki qələbələr çempionatdakı uğursuzluğu unutduruib.
“Dənizçilər”də bu rəqəm 10-dur. Yanvarın 25-də “Kəpəz”i məğluib edən “Səbail” son 3 ayda 5 dəfə heç-heçə edib, bir o qədər də uduzub.
Odur ki, hər iki komanda uğursuzluğa son qoymaq üçün dəridən-qabıqdan çıxacaq. Qələbə elitadakı yerini qorumaq baxımından qonaqlara daha çox lazımdır, nəinki bütün ümidlərini ölkə kubokuna dikən “Sabah”a.
Meydan sahibləri oyuna ciddi itkilərlə çıxacaq. Pavol Şafranko cəzalıdır, 4-5 futbolçu zədədən əziyyət çəkir. Vasil Berezutskinin “Neftçi”ylə vacib oyundan öncə aparıcı futbolçuları ilə bağlı riskə getməyəcəyi də futbolun yazılmamış qanunlarına aiddir.
“Səbail”dəkilər Premyer Liqada qalmaq ümidlərinin az da olsa cücərməsini istəyirsə, meydanı 3 xalla tərk edib,
“Kəpəz”in Şamaxı səfərində məğlub olması üçün dualarını əsirgəməməlidir. Bu, baş versə, aradakı xal fərqi 5-ə enəcək ki, qarşıdakı 5 turda mübarizə qızışacaq.
Aprelin 19-da “Bank Respublika Arena”keçiriləcək duelin start fiti saat 17:30-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ