
Ötən həftə bölgədə baş tutan “Turan Tovuz” – “Sabah” qarşılaşmasından sonra ikincilərin Premyer Liqa yolu ilə avrokuboklara vəsiqə qazanmaq şansı yox dərəcəsində azaldı.
Tovuz təmsilçisinin qazandığı 2:1 hesablı qələbə beşinci pillədəki “Sabah”la arada 11 xallıq fərqin yaranmasına səbəb oldu.
Düzdür, çempionatın başa çatmasına 6 tur qalıb. Lakin fərqi aradan qaldırmaq mümkünsüz qədər çətin görünür.
“Tələbələr”in hücumçusu Anatoli Nuriyev Sportinfo.az-a açıqlamasında Premyer Liqadan əllərini üzərək bütün diqqəti ölkə kubokunu qazanmağa ayıracaqlarını gizlətməyib:
“Qarşıda cəmi 6 tur qalıb, bu isə 18 xal deməkdir. “Turan”la aramızdakı fərqi isə 11-dir.
Hətta biz bütün oyunları qalib başa vursaq belə, “Turan” 2-3 qələbə sayəsində dördüncü yeri təmin edəcək. Üstəlik, şəxsi oyunumuz da qalmayıb.
Fikrimcə, Premyer Liqa yolu ilə nəyəsə ümid etməyin mənası yoxdur. Bundan sonra tam olaraq Azərbaycan kubokunu düşünməliyik”.
“Sabah” Azərbaycan kubokunun yarımfinal mərhələsində “Neftçi”ylə münasibətlərinə aydınlıq gətirəcək.
“Neftçi Arena”dakı ilk matç Masazır təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1.
Cavab dueli aprelin 23-də “Bank Respublika Arena”da keçiriləcək.
HƏBİB