
Hər hansı futbol klubu üçün uğur meyarı nədir?
Hansısa klubun uğurlu və ya uğursuz olduğunu hansı meyarlar müəyyənləşdirir? Müzakirəyə açıq mövzulardır.
Son illərdə ölkə futbolunda bu cür müzakirələrin sayı hesabı yoxdur. Hər hansı komanda ardıcıl bir neçə uduzan kimi üzərində “uğursuz klub” möhürü daşımağa başlayır.
Amma futbol doğrudan bu qədər dar çərçivədədirmi? Yoxsa, yalnız Azərbaycanda uğurun formulası kimi yalnız əsas komandanın mövsümün müəyyən hissəsindəki nəticələri əsas götürülür?
Qeyd edilən məsələ ilə bağlı müzakirəni ölkəmizdə bir neçə klub üzərindən aparmaq mümkündür. Amma son illərdə futbolun bir neçə sahəsində aktiv fəaliyyət göstərən “Sabah” üzərindən bu məsələni müzakirə etmək bəlkə də, ən ideal seçim olar.
Son günlər "Sabah"ın əsas komandasının istənilən nəticələr göstərməməsini klubun ümumi uğursuzluğu kimi qəbul edənlər də var.
Amma yuxarıda vurğuladığım kimi, klub ümumi məfhumdur və onun uğursuz və ya uğurlu olması təkcə əsas komandanın son bir neçə oyunda qazandığı nəticələrlə müəyyən olunmamalıdır.
Bir neçə istiqamətdə "Sabah"ın necə fəaliyyət göstərdiyinə nəzər yetirək:
Uşaq futbolu və akademiya
Mübaliğəsiz "Sabah"ın futbol akademiyası ölkədə ən yaxşılardan hesab olunur. Əlbəttə, istənilən sahədə olduğu kimi "Sabah"ın akademiyasında da inkişaf etdirilməli, təkmilləşdirilməli sahələr var. Amma bu, klubun bu sahədə ölkədə ən yaxşılardan olduğu gerçəyini dəyişmir. "Sabah"ın aşağı yaş qrupları hər il ölkə çempionatlarında mükafatçılar sırasında yer alır. Klubun U-19 komandası ötən mövsümdə çempion olaraq UEFA Gənclər Liqasında iştirak etdi. Özü də buna nail olan oyunçuların əksəriyyəti məhz futbolda ilk addımlarını "Sabah"da atan uşaqlar idi. "Sabah"ın U-19 komandası bu mövsüm də çempionatda liderdir və çempionluğa çox yaxındır. Klubun aşağı yaş qrupları mütəmadi olaraq beynəlxalq turnirlərdə iştirak edirlər. Ölkədə çox az futbol klubu aşağı yaş qruplarının bu cür turnirlərdə iştirakına şərait yaradır. Elə bu günlərdə "Sabah"ın U-13 və U-15 komandaları Antalyada keçirilən beynəlxalq turnirdə iştirak edir ki, burada "Mançester Siti", "Rayo Valyekano" kimi komandaların müvafiq yaş qrupları ilə oyunlar bu uşaqlara əvəzsiz təcrübə qazandıracaq. Bundan əlavə, son illərdə bu akademiyanın bir neçə yetirməsinə "Sabah"ın əsas heyətidnə rast gəlmişik ki, bu da akademiya-əsas komanda əlaqəsinin normal işlədiyini deməyə əsas verir. Uzun sözün qısası, "Sabah"ın akademiya ilə bağlı fəaliyyətinə mükəmməl olmasa belə yaxşı qiymət vermək olar.
İnfrastruktur
İnfrastruktur ölkə klublarının əsas ağrılı yeridir. Ölkə klublarından oynamağa, məşq etməyə düz əməlli stadion tapmayan kifayət qədər klub var. "Sabah" isə yarandığı ilk illərdən bu problemləri kökündən həll edib. Maraqlı bir faktı deyim, "Sabah" Premyer Liqada stadionu hazır olmadığından ev oyununun yerini dəyişməyən bəlkə də yeganə klubdur. Masazır təmsilçisi yüksək liqada bütün ev oyunlarını bu qəsəbədə yerləşən "Bank Respublika Arena"da keçirib. Klubun əməkdaşlarının yüksək peşəkar əməyi nəticəsində bu matçların demək olar hamısında da stadionun ot örtüyü ideal vəziyyətdə olub - qış, yay demədən. "Sabah" ötən il uzun müddət Azərbaycan futbolundan uzaq düşmüş Şüvəlandakı bazanı da abadlaşdıraraq ölkə futboluna qazandırdı. Klub bir növ bu məkanın "Bakı" Futbol Klubunun bazasının aqibətini yaşamaqdan xilas etdi. Bazanı sıfırdan təmir etdirən "bayquşlar", meydançanın süni qazonunu da təbii örtüklə əvəz etdi.
Azarkeşlik və təbliğat
Cari mövsümün statistik məlumatlarına əsasən, “Sabah” ölkə çempionatında ev oyunlarına ən çox azarkeş toplayan beş klubdan biridir. Klub, xüsusilə Masazır, Xırdalan və ətraf ərazilərdə daimi şəkildə təbliğat işləri aparmaqla, daha çox azarkeşi ev oyunlarına cəlb etməyə çalışır. “Sabah”ın sosial şəbəkə hesabları bu sahədə ölkənin ən yaxşıları sırasındadır ki, bu da futbol həvəskarları arasında klubun nüfuzunun və simpatiyasının artmasına səbəb olur. Klubun müsbət imicinin formalaşmasında qeyd olunanlarla yanaşı, həyata keçirilən müxtəlif sosial layihələrin də mühüm rolu var. Son illərdə “Sabah”ın təşəbbüsü ilə bir sıra maraqlı və təsirli sosial layihələr reallaşdırılıb.
Transferlər
Keyfiyyətli transferlər əsas komandanın simasını müəyyənləşdirir. "Sabah"ı hətta ən sərt tənqid edən futbol mütəxəssisləri də bu klubun əsas komandasının keyfiyyətli, yaxşı futbolçulardan təşkil edildiyini tez-tez xüsusilə vurğulayırlar. Deməli, klub bu baxımdan da düzgün iş görür.
Baş məşqçi
"Sabah"ın bir klub kimi əsas büdrədiyi məqamlardan biri məhz bu bənddir. Klub Premyer Liqada çalışdığı 7-ci mövsümdə 7 baş məşqçi ilə çalışıb. Lakin burada bir məqama nəzər yetirmək lazımdır. Dünyanın hansı klubu iddialı olduğu halda müsbət nəticələr qazanmadıqda baş məşqçi ilə yollarını davam etdirir? Əlbəttə, heç biri. Bir çox Avropa klubunun son 7 mövsümdə neçə məşqçi ilə çalışdığına diqqət yetirsək, əslində oxşar halların şahidi olarıq. "Sabah" Murad Musayev və Krunoslav Renduliçlə sözügedən mütəxəssislərin çalşdıqları mövsümlərdə hədəfə çatmışdı. Həm rusiyalı, həm də xorvat mütəxəssis "Sabah"ı avrokuboklara daşımağı, hətta güclü rəquiblərlə mübarizədə mərhələ adlamağa nail olmuşdular. Hazırda isə Vasili Berezutski hələ ki, bundan uzaq görünür. Amma bu mütəxəssislə belə "Sabah" tarix yaza bilər. Klub rusiyalı məşqçinin rəhbərliyi altında tarixində ilk dəfə ölkə kubokunun yarımfinalına vəsiqə qazanıb və finalın bir addımlığındadır. Yəni Berezutski ilə bağlı göstəricilər də bir ayın içində dəyişə bilər.
Əsas komandanın nəticələri
Söhbət çempionluqdan gedirsə, "Sabah" həm büdcə, həm də təcrübə baxımından bu sahədə son illərdə bu sahədə "at oynadan" "Qarabağ"dan hələ çox geridədir. Çempionluq üçün yol hələ çox uzun görünür. Belədə, geriyə qalır çempionatda medalçılar sırasında yer almaq və avrokuboklara vəsiqə qazanmaq ki, "Sabah" da son iki mövsümdə buna nail olub. Klub 2022/23 mövsümündə hətta "Qarabağ"la son turlara qədər çempionluq yarışına da girmişdi. "Bayquşlar" kifayət qədər ciddi xal toplasa da sonda təcrübə öz sözünü demiş və Ağdam təmsilçisi növbəti çempionluğunu qazanmışdı. "Sabah" isə mövsümü ikinci pillədə - gümüş medallarla başa vurmuşdu. Klub ötən mövsüm isə 3-cü pillədə yer alaraq, bürünc medal qazandı. Bayaq da qeyd etdiyim kimi cari mövsümdə "Sabah"ın çempionatda işləri heç də yaxşı getməsə də, kubokda mövsümün bütün uğursuzluqlarını unutdura bilər.
Yekun
Yekun olaraq, bir peşəkar KLUBun uğurlu və ya uğursuz sayılması üçün gərəkən bir neçə nüansı yuxarıda sadaladım. Klubun son illərdəki idarəçəliyinə qərəzsiz qiymət vermək üçün nəticələrə bir neçə aspektdən yanaşdım. Yekun sözü isə sizə buraxıram, sizcə, "Sabah"ı uğursuz saymaq olar?
Xəlil Sadıq