
Artıq Vasili Berezutski rahat nəfəs ala bilər, bir arzusuna çatdı artıq.
«Sabah» Premyer Liqa dəftərini bu il üçün bağladı.
Burada onlara çörək yoxdur.
Nə liderlər qrupunda onları gözləyən olacaq, nə də başqa nəsə. Hələ beşinci pillədə tutuna bilsinlər, rus balası sonra gedib 3 dəfə xaç çevirər.
Tovuz səfəri məğlubiyyətlə bitdi. «Sabah» Berezutskinin rəhbərliyi altında 13-cü uğursuz oyununu keçirdi.
Halbuki hər şey qonaqlar üçün yaxşı başlamış, Anatoli Nuriyev hesabı açmışdı. Pavol Şafrankonun qırmızı vərəqə alması?
Elçin Məsiyev slovakiyalı hücumçunu meydandan qovmalı deyildi, səhv etdi.
FİFA referisi ondan qabaq Kurban Berdiyevi texniki zonadan uzaqlaşdırmışdı deyə, «Sabah»dan kimisə tribunaya göndərməyə fürsət gəzirdi ki, yerli publika onu daha «söyüb-saplamasın», nisbətən sakitləşsin. Əlinə Şafranko keçdi, onu «qaraladı».
Gərək «Sabah»da bir kimsə buna təəccüblənməsin. Hakimlərin antipatiyası ilə birinci dəfə qarşılaşmırlar ki…
Çox vaxt belə olub da, onsuz.
Bilirsiz, nəyi araşdırmalıdırlar? Komandanın ikinci hissədə niyə «yatmasını». Fasilədən qayıdan «Sabah»ın futbolçuları qəfildən durdu, boşaldı, biri də tərpənmədi.
İçərlərindən biri çıxıb yoldaşlarına demədi ki, ay uşaqlar, sizə nə olub, nə üçün dayandız, oynamaq lazımdır.
81-ci dəqiqədəki epizodu nəzərə almasaq, «Sabah»ın ikinci hissədə məğlubiyyət üçün meydana döndüyünü deyərdik.
Vallah, bu, başadüşülən deyil.
ELXAN