Vasili Berezutskinin "Sabah"dan QƏRİBƏ ŞİKAYƏTİ

12 Aprel 10:40 Sabah 639
Vasili Berezutskinin "Sabah"dan QƏRİBƏ ŞİKAYƏTİ

Bu "Sabah"dan fələk də baş açmaz.

Bir həftə öncə "Neftçi"ni parlaq oyunla məğlub edən komanda autsayder "Kəpəz"in önündə yenə aciz qaldı.

Oyun olaraq belə demək insafdan olmaz. Yenə "Sabah" pis görünmədi. Hə, iddiasına, heyətinin sanbalına uyğun dominant tərəf deyildi.

Amma geri də qalmırdı.

Ərazi üstünlüyünə sahib idi. Qol imkanları yetəri qədər oldu.

Bircə qələbədən başqa.

Sonda xalı gətirən də tablodakı rəqəmlərdir.

Burada isə Azər Bağırovun rəhbərlik etdiyi bölgə klubu ardıcıl üçüncü görüşdü də "tələblər"i qələbəsiz qoyur.

Ümumiyyətlə, Vasili Berezutskinin yetirmələrində bir rahatlıq var.

Niyə? Nə üçün? Anlamaq çətindir.

Normalda "Turan" və "Araz"ın davamlı xallar itirməsi "Sabah" üçün göydəndüşmə sayılmalıdır.

Qərb təmsilçisi nə az, nə çox 5 həftədir qələbə üzünə həsrətdir.

Bu müddətdə aradakı 9 xallıq fərq sadəcə 8-ə enib.

Naxçıvan təmsilçisi son 9 görüşdə 1 qələbə qazanıb. Amma aradakı 15 xallıq fərq azalmaq bilmir.

Öndəki rəqiblər "Sabah"ın üst pillələrə yüksəlməsi üçün hər şey edir, bircə "Sabah"ın özü heç nə etmir.

Bu qədər məsuliyyətsizlikmi olar?

Rusiyalı mütəxəssis də "Kəpəz"lə görüşdən sonra futbolçuların meydandakı məsuliyyətsiz çıxışından şikayət edib.

Məncə, şikayət etmək yox, tədbir görmək lazımdır.

Bu ki baş məşqçinin birbaşa etməli olduğu işdi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"