
Azərbaycan Premyer Liqasının XXIX turun oyunları keçirildi.
İkinci oyun gününün ilk görüşündə “Sabah” evdə “Kəpəz”lə qarşılaşdı.
Matç Gəncə təmsilçisinin qələbəsiylə yekunlaşdı. Yeganə qolu 41-ci dəqiqədə Valdemar Almeyda (“Pana“) vurdu.
Vasili Berezutski “Sabah”a baş məşqçi təyin olunandan sonra 15 oyuna çıxıb, 3 qələbə qazanıb.
“Bayquşlar” 36 xalla turnir cədvəlində beşincidir. Yəqin ki, klub rəhbərliyi ölkə kubokunda qeydə alınacaq yekun nəticəni gözləyir.
Komanda yarımfinal səddini aşa bilməsə və ya kuboku qazanmasa, rusiyalı ilə yollar ayrılacaq. Həm klub, həm də onun üçün həlledici dönəm məhz bundan sonra başlayır.
Berezutski “Kəpəz“ə yenilgini fərqli formada təqdim etdi. Dedi ki, birayaqla oynamaq və qazanmaq olmaz.
O, bununla yaxasını kənara çəkdi, futbolçuları günahkar çıxardı. Sözünün canı bu idi: mən öz işimi görürəm, onlar isə icra etmir.
Berezutski haqlı deyil.
Komandanı Premyer Liqada zəif düşürən ozüdür ki var! Hələ həftələr öncə kubok yarışmasının ondan ötrü vacib olması barədə silsilə açıqlamalar verəndə, bilmirdi ki, bu, futbolçulara necə mənfi təsir edəcək, onların motivasiyasını aşağı çəkəcək?
Heç bir təcrübəli mütəxəsis sezonun belə həssas dönəmində bu cür «uşaq səhvi» buraxmazdı. Berezutskinin söylədiklərini özünkülər də eşidir, oxuyur, hakimlər də, başqaları da.
Fikirləşirlər: əşşi, baş məşqçiləri bunu deyirsə, biz də istədiyimizi edə bilərik, onsuz, məqsədləri çempionatda yer tutmaq deyil.
«Sabah» sonuncu matç da daxil, hakimlərdən narazı qalması əsaslıdır. Rauf Cabarov ev sahiblərinə normal münasibət göstərmədi, onların əleyhinə qərarlarla yadda qaldı.
Berezutski o açıqlamanı verirsə, Raufun, yaxud digər hakimin «Sabah»ı incitməsindən təbii nə var axı?
MUSA