
Azərbaycan kubokunun yarımfinal mərhələsində “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən “Sabah”ın Premyer Liqadakı növbəti rəqibi “Kəpəz”dir.
Gəncə təmsilçisi elitada qalmaq uğrunda mübarizə aparsa da, kifayət qədər ciddi rəqib kimi qəbul olunur.
Üçüncü dövrədə Tovuzda baş tutan qarşılaşmada “Sabah” “Kəpəz”ə boyun əymişdi.
Daha bir maraqlı məqam odur ki, həftəiçi “tələbələr” kubokda oyun keçirsə də, “sarı-göylər” bundan azad olub.
Sportinfo.az-a açıqlama verən “Sabah”ın hücumçusu Pavol Şafranko “Kəpəz”dən ehtiyatlandıqlarını gizlətməyib:
“Kəpəz”lə zarafat etmək olmaz. Həqiqətən çox təhlükəli rəqibdir. Bizi udmuşdular, sonra “Neftçi”ni məğlub etdilər.
Bu yaxınlarda “Qarabağ”la heç-heçə etdilər. Mövsümün əvvəli ilə müqayisədə çox inkişaf ediblər, qış fasiləsində heyəti gücləndiriblər.
Həm onlara, həm də bizə xallar lazımdır. Ona görə də oyunun gərgin və maraqlı keçəcəyinə şübhə etmirəm.
Ümid edirəm ki, “Neftçi”ylə matçdakı qələbənin davamını gətirib yolumuza inamla davam edəcəyik”.
Aprelin 6-da “Bank Respublika Arena”da keçiriləcək oyun saat 17:00-da başlayacaq.
HƏBİB