
“Sabah”ın legioneri Pacel Şafranko Sportinfo.az-a müsahibə verib.
Slovakiyalı hücumçu Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Neftçi” üzərində qazanılan 2:1 hesablı qələbə haqda sualları cavablandırıb.
-Hesab əvvəldən planlaşdırdığınız kimi oldu, yoxsa bir az artıq?
-Bura sərfəli nəticə dalınca gəlmişdik. Gördüyünüz kimi, ilk dəqiqələrdən pressinq edirdik, qələbə istəyimizi göstərirdik. Sadəcə, bəzi epizodlarda aqressivlik çatmırdı. Fikrimcə, haqq etdiyimiz qələbəni qazandıq. Lakin bu, son deyil.
-Oyundan əvvəl kimsə sənə “Neftçi”ni səfərdə udacağınızı desəydi?
-Buna inanmasam, futbol oynamağın mənası yoxdur. Adından və məkandan asılı olmayaraq hər matça qələbə istəyi ilə çıxırıq. Hətta heç-heçə belə, yaxşı nəticə kimi qəbul olunmur. Ona görə də qalib gəlməyimiz mənə təəccüblü görünmədi.
-“Neftçi”ni hansı komponentlərdə üstələdiniz?
-Yəqin ki, yaratdığımız real qol imkanlarına görə. Bu gün biz daha təhlükəli göründük.
-Mətbuat konfransında baş məşqçiniz 11 yox, 14 nəfər qarşı mübarizə apardığınızı deməklə hakimlərin “Neftçi”yə kömək etdiyinə işarə vurdu. Sən də bu cür düşünürsən?
-Buna şərh vermək istəmirəm.
HƏBİB