
Azərbaycan çempionatında və kubokunda mövsüm sona yaxınlaşır.
Artıq hər oyunun, hər xalın qızıl dəyərində qiyməti var.
Mövsüm finişə yaxınlaşdıqca oyunlarda gərginlik bir az da artır və bu gərginlik fonunda yaşanan hər hansı uğursuzluqda hədəf istənilən obyekt seçilə bilir – məşqilər, futbolçular, klub rəsmiləri və əlbəttə ki, hakimlər.
Məhz bu səbəbdən hər zaman mövsümün sonlarına yaxın hakimlərin mübahisəli qərarları daha çox gündəm olur. Hazırda da ölkəmizdə futbol mövsümünün məhz həmin həssas dövrünə qədəm qoymuşuq.
Artıq istər oyunda, istərsə də oyundan sonra - mətbuat konfranslarında hakim qərarları daha çox müzakirə olunmağa başlayıb.
Ölkə çempionatında mövsüm hər nə qədər həlledici ana qədəm bassa da, mövsümün “final fiti”nə hələ iki ay var. Bu baxımdan ölkə kubokunda isə aprel ayı daha həlledici funksiya daşıyacaq.
Yarımfinal cütlərindən xüsusilə “Neftçi” – “Sabah” duelinin daha gərgin xarakter daşıyacağı gözlənilir. Turdan-tura liqadan avrokuboklara yollanmaq şansı azalan “ağ-qaralar” və “bayquşlar” tam məntiqli olaraq əsas diqqətini ölkə kubokuna yönləndirib.
Hər iki klub ölkə kubokuna mövsümün xilası gözü ilə baxır. Bu məqamda bu komandalar arasında keçiriləcək oyunun hər bir iştrakçısının performansı böyük diqqət mərkəzində olacaq, həmçinin də yaşıl meydanda ədaləti qoruyacaq hakimlərin.
Hətta artıq bu mübarizənin başladığını da deyə bilərik. Samir Abasov artıq bir müddətdir demək olar, hər oyundan sonra hakim idarəçiliyindən gileylənir.
“Kəpəz”lə kubokun ¼ final oyunundan sonra hakim idarəçilyindən şikayətlənən Abasov, “Araz-Naxçıvan”la çempionat oyunundan sonra da ədalət təmsilçilərinin idarəçiliyini gündəmə gətirdi.
Samir bəy ola bilsin, həmin oyunlardan daha çox qarşıdakı daha mühüm matçları düşünüb bu fikirləri bildirir.
“Sabah”da isə Vasili Berezutski adətən hakimliyi müzakirə etməsə də, “Zirə” ilə çempionat oyunundan sonra verilmiş cərimənin (hansı ki həmin cərimə zərbəsindən sonra komanda qol buraxdı) doğru qərar olmadığını bildirmişdi.
Görünən odur ki, yaşanan gərginlik artıq adətən səbrli davranışı ilə diqqət çəkən rusiyalı mütəxəssisə də təsir edib.
Kubok görüşünün gərginlik səviyyəsini artıran nüanslardan biri də bu komandalar arasında çempionat oyununda yaşanmış mübahisəli hakim qərarları oldu.
Belə ki, Premyer Liqanın 19-cu turu çərçivəsində keçirilmiş “Neftçi” – “Sabah” oyununun baş hakimi Kamal Umudlunun 2 həlledici qərarı qonaq komandanı narazı salmışdı.
Matçın ikinci hissəsində “Neftçi”nin müdafiəçisi Yuri Matias əvvəlcə qonaqların futbolçusu Xəyal Əliyevi cərimə meydançası daxilində iki əllə itələyərək yıxsa da, nə oyunun baş hakimi 11 metrlik nöqtəni göstərmiş, nə də VAR-dan epizoda təkrar baxılması ilə bağlı bildiriş gəlmişdi.
Epizod bitdikdən sonra Matias penalti tələb edən Xəyalı itələyərək yıxır. Məhz bu vaxt baş hakim Umudlu Matiasa sarı vərəqə göstərir.
Baş hakimin bu qərarına alqışlarla cavab verən braziliyalı müdafiəçi bu hərəkətinə görə qaydalara uyğun olaraq ikinci sarı vərəqə ilə cəzalanmır, hakim onun bu hərəkətini bağışlayır, matç isə bərabərliklə başa çatır – 1:1.
Bu adi çempionat oyunu idi, özü də hələ mösümün tən ortasında baş tutmuş. Qarşıda isə bizi bu komandalar arasında final dəyərində daha 2 oyun gözləyir.
Bu matça təyin olunacaq hakimlər sonradan gərəksiz söz-söhbətin obyekti olmamaq üçün maksimum diqqətli olmalı, meydanda ədalət prinsiplərini sona kimi rəhbər tutlmalıdırlar.
Bu cür matçlar klubların fanatları ilə yanaşı, sıravi futbol azarkeşlərinin də diqqət mərkəzində olur. Məhz bu cür gərgin və həlledici matçlar sıravi futbol azarkeşlərində ölkə futbolu ilə bağlı ümumi rəy formalaşdırır.
Ümid edirəm ki, bu matçlardan sonra hakimlərin mübahisəli qərarları yox, meydanda sərgilənən gözəl futbol əsas müzakirə obyekti olacaq.
Xəlil Sadıq