
Vallah mən Vasili Berezutskidən hələ də tam baş aça bilmirəm.
Ötən tur "Şamaxı"da meydana çıxardığı komanda hara, bu həftə "Zirə" önündə mücadilə verən kollektiv hara.
Arasında ciddi uçurum var. Sanki Şamaxıda başqa, Masazırda tam başqa adam klubun baş məşqçi postunda əyləşib.
Autsayder "şirlər"in önündə aciz qalan "tələblər" qışdan sonra qarşısıalınmaz "Zirə"yə nəfəs aldırmadı.
Əbəs deyil ki, əcnəbi mütəxəssis həmkarından fərqli olaraq matçdan sonra 1:1-lik bərabərliyi ədalətli hesab etmədi.
Ona bu haqqı, güvəni yetirmələri vermişdi.
Həqiqətən də 90 dəqiqə "Sabah" qələbəyə layiq oyun keçirdi. Sadıqov 1 xalın əldən çıxmaması üçün son dəqiqələrdə ön xətdən Sumanı oyundan alıb, əvəzində mərkəz müdafiəçisi Mutsinzi meydana buraxmağa belə getdi.
Ərazi üstünlüyünə sahib meydan sahiblərinin fərqlənmək üçün də yaxşı fürsətləri oldu. Amma reallaşdırmaq müşkülə çevrilincə qələbə qazanmaq da düyünə düşdü.
Bəli, rusiyalının bu gün ən böyük problemi sabitliyi qoruya bilməməsidir. Qarşılaşmalara köklənmədə ciddi sıxıntı yaşayır.
Belə olmasaydı, "Qarabağ", "Zirə", "Araz Naxçıvan", "Turan Tovuz" kimi iddialı rəqiblərdə oyundakı performansı "Səbail", "Şamaxı", "Kəpəz " kimi autsayder klublarla görüşdə də sərgiləməyi bacarardı.
XANOĞLAN İMANOV