
Ötən mövsüm avrokuboklara vəsiqəni son anda təmin edən “Sabah” mayda hədəfdən uzaq qala bilər.
“Tələbələr”in çempionatdakı işləri qaydasında getmir.
Ölkə kubokunu baş üzərinə qaldırmaq isə son dərəcə çətin görünür.
Komandanın problemi hər nə qədər baş məşqçilərlə bağlı olsa da, qeyri-sabitliyin arxasında həm də süni örtük bəlası dayanır. “Sabah” “sintetika”da oynaya bilmir!
Premyer Liqada mübarizə aparan komandalardan 4-ü – “Turan Tovuz”, “Kəpəz”, “Səbail” və “Şamaxı” rəqiblərini süni örtüklü meydanda qəbul edir.
Elə isə Vasili Berezutskinin rəhbərlik etdiyi kollektivin cari mövsümdə bu rəqiblərlə keçirdiyi görüşlərə nəzər salaq.
Kəpəz – Sabah 2:3
Səbail – Sabah 2:4
Turan – Sabah 1:1
Şamaxı – Sabah 3:1
Kəpəz – Sabah 3:2
Səbail – Sabah 0:0
Şamaxı – Sabah 1:0
Turan – Sabah 2:2 (ölkə kuboku)
Göründüyü kimi, Premyer Liqanın imkanlı komandalarından biri cari mövsümdə “sintetika”da oynadığı 8 qarşılaşmanın yalnız 2-də qələbəyə sevinməyi bacarıb.
Və həmin qarşılaşmalar mövsümün əvvəlinə sentyabr-oktyabr aylarına təsadüf edir. 3 dəfə uduzub, 3 halda bərabərə qalıb.
Söhbət Premyer Liqadan gedirsə, “tələbələr” süni örtüklü qazonlarda 13 xal itirib.
HƏBİB / SPORTİNFO.AZ