Onlar həmişə haqlıdırlarmı? - Yerli gənclərə zərərli dəstək

11 Mart 10:40 Sabah 212
Onlar həmişə haqlıdırlarmı? - Yerli gənclərə zərərli dəstək

Orta məktəbdə bəzi valideynlər var idi – övladı dərslərdə yaxşı nəticə göstərməyəndə bunu müəllimin uşaqla olan ədavəti ilə bağlayırdılar.

Belə bir söz yəqin ki çoxunun yaddaşında məktəb illərini canlandıracaq – müəllim mənim uşağımla prinsip aparır.

Bu, bəzi valideynlərin övladlarının dərslərdəki nəticələri qarşısında yaranmış məmnunsuzluğunun gətirdiyi təəssüfün nəticəsi idi.

Bir az da tənbəlliyin. Valideyn uşaqla necə davranmalı olduğunu, onun dərslərə daha yaxşı köklənməsini, öz potensialını tam olaraq ortaya qoymamasının səbəbləri üzərində baş sındırmaq istəmirdi, daha rahat olan versiya üzərində dayanırdı – mənim övladımla prinsip aparırlar...

Bu gün futbolda yerli futbolçulara olan münasibətdə də eyni şeyin şahidi oluruq. Hansısa məşqçi oyundan sonra heyətdə olan gənc futbolçunun səhvini qabardır – olur “xalq düşmanı”.

Məsələn, elə “Neftçi”nin baş məşqçisi Samir Abasov “Kəpəz”lə oyundan sonra hücumçu Ağadadaş Salyanskinin oyundakı səhvləri barədə bir neçə kəlmə dediyinə görə qınaq obyektinə tuş gəldi. Ki, bəs Salyanski Azərbaycan futbolunun gələcəyidir, baş məşqçi onun səhvləri barədə danışmamalıdır.

O gün də “Şamaxı” - “Sabah” oyunundan sonra qonaqların baş məşqçisi Vasili Berezutskini iki gənc futbolçunu əvəzedici komandaya göndərdiyinə görə azərbaycanlı futbolçulara qarşı antipatiyası olmaqda ittiham ediblər.

Bəli, bəli məhz ittiham. Ki həmin futbolçuların oyununda heç bir eniş ola bilməz, ümumiyyətlə Azərbaycan futbolu Avropada ən inkişaf etmiş “futbolçu fabrikası”na malik olduğundan burada yetişən futbolçuların oyununda, məşqlərində performansının aşağı olmasından söhbət belə gedə bilməz.

Burada mütləq ki, məşqçinin nəsə prinsipi olmalıdır. Yoxsa yerli gənc futbolçu necə əvəzedici komandaya göndərilə bilər ki?

Yuxarıda elə son dönəmlərdə yaşanmış iki hadisəni misal çəkdim. İndi həmin hadisələri yuxarıda orta məktəblə bağlı yazdıqlarımla müqayisə edib, nəticə çıxarın.

Necə ki, bəzi valideynlər öz övladlarının dərslərdə olan performans çatışmazlığını ört-bas etmək üçün müəllimin uşaqla prinsipi olmasını önə çıxarırdı,

bu gün də yerli futbolçunun əsas komandada möhkəmlənə bilməməsini baş məşqçinin ayrı-seçkiliyi, hətta bir az da irəli gedərək bütün millətin üzvlərinə qarşı olan prinsipi ilə əlaqələndirə bilirik.

Bəs sizcə, gənclərə kim daha çox ziyan vurur? Futbolçunun performansından narazı qalıb onu əvəzedici komandaya göndərən, onun meydanda sərgilədiyi oyunda olan çatışmazlığı dilə gətirən məşqçi, yoxsa istənilən situasiyada gənc futbolçulara haqq qazandıran, onların performansında olan çatışmazlığı istənilən bəhanə ilə ört-bas edənlər?

Xəlil Sadıq

Digər Xəbərlər
Xəbər Lenti