
"Sabah" Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində doğma meydanda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu oyunda bir balaca üstünlüyümüz var idi. Qollarımızı da vurduq. Amma qolları vurduqdan sonra, asanlıqla qollar buraxdıq. Nəsə demək çətindir. İki qol vurduqdan sonra bu qədər asan qollar buraxmamalıyıq.
- Buraxılan qolları konsentrasiyanı bağlamaq olar, yoxsa kubok görüşündəki qələbə ilə bağlıdır?
- Bəzən konsentrasiya futbolda kifayət qədər qiymət verilməyən dəyərdir. Konsentrasiyanın itməsi nəticəsində qapıda qollar görülür. Yüksək hədəflər uğrunda mübarizə aparan komanda üçün qısa müddətlik olsa belə, konsentrasiyanı itirmək qəbuledilməzdir.
- Çempionatdan avrokuboka yollanmağınız çətin görünür. Demək olar ki, komandanı daha çox kubok oyunlarına kökləməlisiz?
- Biz hələ heç nə itirməmişik. Çempionatdakı oyunların nəticələri də çox vaxt gözlənilməz olur. Bizim məqsədimiz çıxdığımız hər oyunda qalib gəlməkdir.
- Samir Abasov "Kəpəz"lə kubol görüşündən sonra Sambunun qırmızı vərəqə verilməsinin qəsdən olduğunu deyərək, "Sabah"la görüş üçün düşünülmüş addın olduğuna eyham vurub...
- Qırmızı vərəqə epizodunu görməmişəm, nəsə deyə bilmərəm. Daha çox "Sabah"ın oyunlarına köklənmişəm. Çox nadir hallarda başqa komandalar haqda fikir bildirirəm. Nəsə demək çətindir. Biz "Sabah" olaraq heç vaxt hakimlər barəsində danışmırıq. Oyunda qırmızı vərəqə də futbolun bir hissəsidir.