
Premyer Liqanın 25-ci turunun ən səs-küylü qarşılaşması Masazırda baş tutacaq.
Avrokuboklara vəsiqəyə iddialı “Sabah” cari mövsümdə bütün proznozları alt-üst edərək medalçı yerlərdəki mövqeyini bərkidən “Araz-Naxçıvan”ı qəbul edəcək.
Muxtar Respublika təmsilçisinin son həftələrdə çempionatdakı işləri tam istənilən kimi getməsə də, “Zirə” kimi güclü rəqibi kubok yarışından kənarlaşdırmağı bacarıb.
“Tələbələr” isə “Turan Tovuz”u məğlub edib, “Qarabağ”la bərabərə qalmaqla ilk “4-lük” uğrunda sona qədər mübarizə aparacağını göstərib.
“Sabah”ın parlaq simalarından olan İvan Lepinitsa prinsipial qarşılaşmadan əvvəl Sportinfo.az-a maraqlı açıqlama ilə diqqət çəkib:
“Hər oyun bizim üçün çox vacibdir. Avrokubok uğrunda mübarizəni davam etdirmək üçün bizə xallar lazımdır.
Bunun üçün də hər matçda kimə qarşı oynamağımızdan asılı olmayaraq, qalib gəlmək üçün ən yaxşı oyunumuzu sərgiləməliyik.
"Araz-Naxçıvan" yaxşı komandadır. Onlar bu mövsüm çox uğurlu nəticələr qazanırlar. Əlbəttə, bizim üçün asan olmayacaq. Lakin bu oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.
Martın 4-də “Bank Respublika Arena”da keçirilməsi planlaşdırılan görüş saat 19:30-da başlayacaq.
HƏBİB