
“İlk hissədə topa istədiyimiz kimi nəzarət edə bilmədik. Məncə, birinci hissədə yaxşı oynamadıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın xorvatiyalı yarımmüdafiəçisi İvan Lepinitsa deyib.
Cümə axşamı Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində baş tutan oyunun ilk hissəsində ”Sumqayıt” rəqibinə çətin anlar yaşatmağı bacarmışdı.
Lakin ələ düşən imkanlar boşa verilincə, fasilədən sonra toparlanan “tələbələr” meydan sahiblərini top atəşinə tutdu – 4:0.
İvan ikinci 45 dəqiqədə parlaq çıxış etmələrinin səbəbini bu cür izah edib:
“Mütləq dəyişikliyə ehtiyac var idi. Bunu nəzərə alıb fasilədən sonra daha hücuma meyilli oynamağa başladıq.
Vurduğumuz ilk qoldan sonra isə oyun daha açıq xarakter aldı və biz əlimizə düşən şanslardan maksimum yararlandıq.
Xüsusilə, son 30 dəqiqədə komanda çox yaxşı performans sərgilədi. Bu qələbə bizim üçün çox vacib idi.
Böyük hesablı qalibiyyət, həmçinin, komandada özünəinamın yaranması baxımından da mühüm idi.
Çünki son oyunlarda komanda qol vurmaq baxımından bir qədər çətinlik çəkirdi”.
İki oyunun nəticəsinə görə “Sumqayıt”səddini keçən “Sabah” yarımfinalda “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirəcək.
HƏBİB