Tələsən təndirə düşər və ya cücəni yazda sayarlar....

28 Fevral 17:00 Sabah 395
Tələsən təndirə düşər və ya cücəni yazda sayarlar....

Tələsmək heç yaxşı xüsusiyyət deyil.

Atalarımızın çox güman ki bu şakərdən bir neçə dəfə ağzı yanıb ki, “tələsən təndirə düşər” məsəlini xalqımızın leksikonuna daxil ediblər.

Yəni ki, bir hadisə yaşananda reaksiya vermək, fikir bildirmək, tədbir görmək üçün tələsmək yox, hadisələrin gedişatını izləmək, soyuq başla qərar vermək lazımdır.

Bu qızıl qayda həyatın bütün sahələrinə aiddir. Elə bizim əsas araşdırma mövzumuz olan idmana – futbola da.

Futbolda da bəzən tələsirik, hansısa gənc futbolçu azca fərqlənən kimi ondan vunderkind obrazı yaradır, Avropanın hansısa Top-5 klubuna “göndəririk”.

Ya da hansısa yerli və ya əcnəbi baş məşqçi mənfi və ya müsbət nəticə qazananda ya göyün yeddinci qatına qaldırır, ya da yerin dibinə soxuruq.

Oxşar hadisə “Sabah”ın artıq yeni olmayan baş məşqçisi Vasili Berezutski ilə bağlı da yaşanıb və yaşanır.

Ötən ilin noyabr ayında “Sabah”ın sükanı araxasında keçən rusiyalı baş məşqçi ilə bağlı ilkin təəssüratlar heç də müsbət deyildi.

Nə var, nə var ki, Berezutski indiyə kimi baş məşqçi işləməmişdi və Masazır təmsilçisində də işinin uğursuz olacağı şəksiz idi.

Bəzi iddialar belə idi. Bəs sonra nə oldu? Gənc mütəxəssis debüt oyununda “Səbail”i məğlub etdi, “Qarabağ”la bərabərə qaldı, “Araz-Naxçıvan”la səfər oyununda 3 xal qazandı, kubokun 1/8 finalında səfərdə “Turan Tovuz”u mübarizədən kənarlaşdırdı.

Və? Bundan sonra gənc məşqçiyə qarşı olan iddialar yerini tam əks fikirlərə verdi – artıq əksəriyyəti “Sabah”ın doğru seçim etdiyindən, Berezutskinin komandaya yeni qan gətirdiyindən danışırdı...

Ta ki, “Şamaxı” və “Kəpəz”lə oyundakı məğlubiyyətlər və “Sumqayıt”la heç-heçələr gələnə kimi.

Bundan sonra yenə əvvəlki val səslənməyə başladı ki, bəs Berezutski “Sabah”a uyğun məşqçi deyil, klubun bu məşqçi ilə sabahı yoxdur və s. və i.a..

Son oyunlarda isə “Sabah” Berezutskinin rəhbərliyi altında yenə dirçəlib, “Qarabağ”la çempionat oyununda yaxşı futbolla səfərdə qazanılan bir xal, dünən isə ölkə kubokunun 1/4 finalının cavab oyununda səfərdə “Sumqayıt” üzərində qazanılan möhtəşəm qələbə.

İndi gəl, yenə fikir bildir...

Bax, bu anda yenə atalarımızın “tələsən təndirə düşər” məsəli yada düşür. Demək ki, tələsmək lazım deyil, hər futbolçunun, məşqçinin mövsüm ərzində enişi də ola bilər, yüksəlişi də.

Lakin bu fərqli qrafik zamanı həmin obyektin üzərindən xətt çəkmək yox, bu dəyişikliyin nədən qaynaqlandığı, yaşıl meydanda harada səhvə yol verildiyi barədə subyektiv fikir ortaya qoymaq lazımdır ki, sonradan “yanmayaq”...

Uzun sözün qısası, hər futbolçunun, məşqçinin uğurlu və ya uğursuz dönəmləri, enişləri, çıxışları olur. Yenə atalarımızdan misal çəkəcəm – “cücəni payızda sayarlar”.

Bizim çempionat yaz-payız yox, payız-yaz sistemi ilə keçirildiyindən biz “cücəni” payızda yox, yazda saymalıyıq.

Xəlil Sadıq

Digər Xəbərlər
Xəbər Lenti