
“Sabah”ı Premyer Liqanın 24-cü turunda “Qarabağ”la oyunda məğlubiyyətdən Cesse Sekidikanın möhtəşəm qolu xilas etdi.
Sabiq “Qalatasaray”lı hücumçu baxımlı qola imza atmaqla “1-lər”i bərabərləşdirdi ki, matç bu hesabla başa çatdı.
90 dəqiqə boyunca inamlı təsir bağışlayan nigeriyalı legioner Sportinfo.az-a müsahibə verib.
- ”Qarabağ"la heç-heçəni qələbəyə bərabər saymaq olar, yoxsa 2 xal itirdiyinizi düşünürsən?
- “Qarabağ” kimi güclü rəqiblə heç-heçə istənilən halda həmişə çətin qazanılan nəticədir. Bu matçda keyfiyyətimizi göstərib, əzmlə mübarizə apardıq. Digər tərəfdən, biz həmişə 3 xalı hədəfləyirik. Qazanıla biləcək mümkün xallar baxımından 2 xal itirmiş kimi görünürük, lakin komandanın sərgilədiyi performans müsbət emosiyalar bəxş edir.
- Bu çempionatda ardıcıl ikinci dəfə "Qarabağ"a uduzmadınız. Səbəbini nədə görürsən?
- Bu, bizim komanda kimi inkişafımızı göstərir. Məşqlərdə var qüvvəmizlə çalışır, əvvəlki oyuunlardakı səhvlərimizdən nəticə çıxarır və daha inamlı oluruq. “Qarabağ” güclü komandadır, amma bu oyunda yaxşı mübarizə apardıq və sona kimi çalışdıq.
- Sənə elə gəlmir ki, bütün oyunlara bu motivasiya ilə çıxsaydınız, indi ilk 3 pillənin birində qərarlaşmışdınız.
- Futbol gözlənilməzliklərlə boldur və hər oyunun özünə məxsus çətinlikləri var. Əlbəttə, həmişə sabitliyi qorumağa çalışırıq, lakin bəzən nəticələr istədiyiniz kimi getmir. Bununla belə, biz inkişaf edirik və məqsədimiz hər oyunda daha da irəliləməkdir.
- Möhtəşəm qola imza atdın. Həmin epizodu sözlə necə ifadə edə bilərsən?
- Bu, xüsusi bir an idi. Top mənə gələndə zərbə üçün yaxşı mövqedə idim və həmin anda instinktiv olaraq zərbə endirdim. Bəxtimdən zərbə dəqiq oldu. Vacib oyunda qol vurmaq həmişə əla hissdir, lakin komandanın performansı hər şeydən önəmlidir.
- Vurduğun qolun fevralın ən yaxşı qolu seçiləcəyinə ümid edirsən, yoxsa daha yaxşı qolların vurulduğunu düşünürsən?
- Həmin qol ən yaxşı seçilsə, buna çox şad olaram. Lakin mənim üçün daha vacib olan komandama kömək etməkdir. Əgər bu alınırsa, hər cür fərdi uğurdan üstündür.
HƏBİB