![Növbəti istefa xəbərinin astanasında – Berdıyevin unutmadığı hadisə](https://www.sportinfo.az/media/2025/02/09/thumb856_20241129182037065.jpg)
Bazar günü qış fasiləsindən sonra istədiyi nəticələri qazana bilməyən iki komanda üz-üzə gələcək.
Premyer Liqada 4 oyundur 3 xalın nə olduğunu bilməyən “Sabah” öz meydanında turnir cədvəlində ən yaxın qonşusu “Turan Tovuz”u qəbul edəcək.
Cari mövsümdə komandalar arasında baş tutan bütün oyunlar gərginliyi ilə yadda qalıb.
İlk dövrədə “Bank Respublika Arena”da gerçəkləşən dueldə “tələbələr” hesabda 2 dəfə önə keçsələr də, qələbə hesabını qorumaq mümkün olmamışdı – 2:2.
Noyabrda Tovuzda keçirilən qarşılaşada hər iki komanda qol istəyinə çatsa da, qələbə topunu vuran tapılmamışdı – 1:1.
Və təbii ki, ölkə kubokunun 1/8 final mərhələsində unudulmaz həmin oyun. Vasili Berezutski komandaya yeni baş məşqçi təyin olunmuşdu və “Sabah”ı ikinci oyuna çıxarırdı.
Rusiyalı çalışdırıcıların böyük maraqla gözlənilən qarşılaşmasında təcrübəli Kurban Berdıyevin tovuzlu azarkeşlərin gözləri önündə sevinəcəyi ehtimal olunsa da, 120 dəqiqə heç-heçə başa çatmış (2:2), penalti zərbələrində dəqiq oynayan “Sabah” mərhələni adlamağı bacarmışdı.
Dekabrda Berdıyevi və komandasını kubokdan kənarlaşdıran Berezutskinin özü bu dəfə işindən kənarlaşa bilər. Siftəsi uğurlu alınan keçmiş ÇSKA-lı büdcəsinə və imkanlarına görə öyünən “Sabah”ı yeni zirvəyə qaldırmaqda çətinlik çəkir.
Masazır təmsilçisi Premyer Liqada son 4, ölkə kubokunda 1 oyunda qələbə üzünə həsrətdir.
Bu dəfə qeydə alınacaq mümkün məğlubiyyət “Sabah”ı 4-cü sıradakı “Turan Tovuz”dan 11 xal geri salacaq ki, bu, Vasili Vladimiroviçin Azərbaycan karyerasının sonu ola bilər.
Lakin “tələbələr”in kubokun yarımfinalına yüksəlmək şansı qaldığından, bunu asanlıqla iddia etmək olmur.
İstənilən halda “Bank Respublika Arena”dakı oyunun gərgin keçəcəyinə zərrə qədər də şübhə yoxdur. “Turan”ın “baba” ləqəbli təcrübəli baş məşqçisi oğlu yaşındakı Berezutskiyə ardıcıl ikinci yenilgini həzm edə bilməz.
Fevralın 9-da keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ